Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə Mətbuat konfransı keçirilmişdir
  • 17 aprel 2019-cu ildə Ali Məhkəmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar Mətbuat konfransı keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bu Fərmanın əhəmiyyətindən danışmışdır.

    Bildirmişdir ki, bu  Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

    Fərmanda məhkəmə-hüquq sisteminin bütün sahələrini əhatə edən fəaliyyət istiqamətləri müəyyən edilməklə yanaşı, Ali Məhkəməyə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətinin gücləndirilməsi, həmçinin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlərin işlənib hazırlanmasına dair tapşırıqlar verilmişdir.

    Ali Məhkəmənin sədri qeyd etmişdir ki, ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

    Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə  Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılmış və bu, məhkəmə sisteminin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycan Respublikası  Prezidenti  ötən il – 28 dekabr 2018-ci ildə  “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəişıklık edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etmişdir. Qanunda elektron məhkəmə sisteminin  təmilləşdirilməsini nəzərdə tutan mühüm dəyişikliklər edilmişdir.    

    “Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini səmərəliləşdirən  sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.

     "Elektron məhkəmə" informasiya sisteminin yaradılması və aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məh­kə­mə­yə mü­ra­ci­ət im­kan­la­rı­nın da­ha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsi təmin olunmasına xidmət edir.

    Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş,  maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2018-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilmişdir.

    Xüsusi qeyd edilməlidir ki, Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək 2018-ci ildə hakim seçilmişdir.

               Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Hər həftə  Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  müddəaları, Avropa Məhkəməsinin presedent  hüququ öyrənilir.  Hakimlərin  və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir.

             İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə 2018-ci ildə azalma müşahidə olunmuşdur.

               Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalmış,  inzibati-iqtisadi kollegiyada isə  artmışdır. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunmuşdur. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2  faiz artmışdır.

             Ali Məhkəmənin sədri kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına ətraflı cavab vermişdir.

  • 17.04.2019

<<  Geri qayıt