Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş departamentinin İnsan Hüquqları məsələləri üzrə direktoru Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •            2018-ci il noyabrın 14-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş departamentinin İnsan Hüquqları məsələləri üzrə direktoru Kristof Poirelin başçılıq etdiyi nümayəndə heyəti  Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

              Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi və Ali Məhkəmənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən söhbət açaraq beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president hüququna istinad olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, hər həftə Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlarla bağlı seminarlar keçirilir.  Məhkəmə sisteminə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır və bu təqdir olunur. Azərbaycanda elektron məhkəmə sisteminin yaradılması  ilə bağlı işlər davam etdirilir.

                  Ali Məhkəmənin sədri  Avropa Şurasının üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışmış, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır.

              Ali Məhkəmənin sədri Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə baş departamentinin İnsan Hüquqları məsələləri üzrə direktoru Kristof Poireli və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab vermişdir.


<<  Geri qayıt