Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri İstanbul Beynəlxalq Sammitində çıxış etmişdir
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Türkiyə Kassasiya Məhkəməsinin sədri İsmail Rüştü Ciritin dəvəti ilə 11-12 oktyabr 2018-ci ildə İstanbul şəhərində keçirilən IV Yuxarı instansiya məhkəmələrinin beynəlxalq sammitində iştirak etmişdir.

    Beynəlxalq sammitdə dünyanın beş qitəsini əhatə edən bir çox ölkələrin nümayəndələri iştirak etmişdir. Sammitdə  Ali Məhkəmənin sədri “Məhkəmələrdə şəffaflığın təmin olunması” mövzusunda çıxış etmişdir. O, son illər Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları barədə geniş məlumat vermiş, elektron məhkəmə icraatı, məhkəmələrdə işlərin hakimlər arasında informasiya texnologiyalarından istifadə edilməklə avtomatlaşdırılmış qaydada bölüşdürülməsi, Ali Məhkəmənin “İnternet” səhifəsində informasiya axtarış sistemi ilə məhkəməyə gəlmədən proses iştirakçısının işinin qeydiyyata düşməsi, icraatda olan  işə baxılması üçün hakimin təyin olunması, işin baxılması, çıxarılmış qərar haqqında məlumat, qərarın mətni barədə Azərbaycan məhkəmə sisteminin təcrübəsindən  danışmışdır.

    Tədbirdə məhkəmə prosesində şəffaflığa dair İstanbul Bəyannaməsində əks olunan aşağıdakı prinsiplərin həyata keçirilməsini təmin etmək məqsədi ilə icra tədbirlərinin layihəsi geniş müzakirə edilmişdir: məhkəmə prosesi bir qayda olaraq ictimaiyyət üçün açıq olmalıdır; məhkəmə sistemi vətəndaşların ölkədaxili məhkəmə binalarına asanlıqla daxil olmasını və müvafiq məlumatların əldə edilməsini təmin etməlidir; ədalət mühakiməsi vətəndaşların məhkəmə sisteminə çıxışını asanlaşdırmalıdır; məhkəmə orqanları tərəfləri sinxron tərcümə ilə təmin etməli və bu xidmət ödənişsiz şəkildə həyata keçirilməlidir; məhkəmədə işlərin bölgüsü zamanı şəffaflıq təmin edilməlidir; məhkəmə hakimiyyəti ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığı təmin etməlidir;  hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxslərlə bağlı nəzarət səlahiyyətlərinə malik olmalıdır; məhkəmə hakimiyyəti ali və apellyasiya məhkəmələrinin qərarlarınının mütəmadi olaraq dərc edilməsini təmin etməlidir; tələbələri məhkəmə prosesini öyrənmək  üçün proqramlar təşviq etməlidir;  məhkəmə sisteminin rolu barədə  ictimaiyyət arasında maarifləndirmə işini apararaq, proqramların hazırlanmasına və təşəbbüsünə dəstək verməlidir;  məhkəmə prosesləri barədə, həmçinin qəbul olunmuş qərarlar da daxil olmaqla, ictimaiyyəti məlumatlandırmaq üçün kütləvi informasiya vasitələrinə  müvafiq yardım göstərməlidir;  ədalət mühakiməsinin təmin edilməsində ictimai məmnunluğu qiymətləndirməli və bununla da ədalət mühakiməsinin keyfiyyətini yüksəltməyə çalışmalıdır; hakimlərin təyin edilməsi prosesində şəffaflıq olmalı; məhkəmə hakimiyyəti hakimlərin qeyri-etik davranışlarına dair şikayətlərə  cavab verməli; hakimlərlə bağlı intizam prosesində şəffaflıq təmin olunmalıdır.

    Ali Məhkəmənin sədri müzakirə olunan icra tədbirlərinin əksəriyyətinin ölkəmizdə həyata keçirilməkdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, son illər Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları, hakimlərin seçilməsi proseduru Avropa Şurası tərəfindən qabaqcıl nümunə kimi digər ölkələrə tövsiyyə edilmişdir. Ali Məhkəmənin qərarlarının internet səhifəsində dərc olunması, ictimaiyyətlə daimi əlaqələrin qurulması, Ali Məhkəmənin hakim-spikerlərinin səmərəli fəaliyyətinin təşkili xüsusi vurğulanmışdır.

    Sammitin yekununda   İstanbul Bəyannaməsində əks olunan prinsiplərin səmərəli icrası üçün tədbirlər planı müəyyənləşdirilmişdir.


<<  Geri qayıt