Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 31.03.2011
  • Martın 31-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 

    Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirmişdir ki, fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, digər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. 

    Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə qərarı ilə yol verilir. Ərizənin icraata qəbul edilməsi, işin məhkəmə baxışına hazırlanması mərhələlərində onun baxılmamış saxlanılması qanunla qadağandır. 

    Məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini şərh edən Ali Məhkəmənin sədri vurğulamışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində təsbit olunmuş “ədalətli məhkəmə hüququ” özündə işə müəyyən müddətdə baxılması, əsassız yubanmalara və süründürməçiliyə yol verilməməsi tələblərini də nəzərdə tutur. 
    Plenumda “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” məsələ geniş müzakirə edilmişdir. 

    Müəyyən olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmələr Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş normaları əsasən düzgün tətbiq edirlər. Bununla belə məhkəmələr tərəfindən ərizənin baxılmamış saxlanılması ilə əlaqədar vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində müəyyən xarakterli nöqsanlara yol verilməsi hallarına təsadüf edilir. 

    Plenumda ərizənin baxılmamış saxlanılması ilə əlaqədar qanunvericilik normalarının düzgün və eyni cür tətbiq edilməsini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə məhkəmələrə müvafiq tövsiyələr verilməsi barədə qərar qəbul olunmuşdur. 

    Plenumda konkret mülki işlərə də baxılmışdır. 

    Plenum baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     

      





    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
    31 mart 2011-ci il tarixli iclasında baxılmış  
    mülki işlər üzrə
    M Ə L U M A T
     
     1. İddiaçı Məmmədov Absələddin Əliağa oğlunun Babayev Yunus Abducəlil oğluna,  Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinə, Zaqatala rayon İcra Hakimiyyətinə, Dövlət Yerquruluşu Layihə İnstitutunun Zaqatala rayonlararası yerquruluşu İdarəsinə, Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoruna  qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və qarşılıqlı iddia üzrə yaşayış evi, torpaq sahəsi üzərində sahibliyin bərpa edilməsi, həyətyanı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə A.Ə.Məmmədovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    2.İddiaçı Məhərrəmov Tofiq Xanlar oğlunun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinə qarşı attestasiya komissiyasının qərarının qismən ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə T.X.Məhərrəmovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    3.Həsənli Mələk Hüseyn qızının Bədəlov Samir Teymur oğluna qarşı valideynlik hüquqlarından məhrumetmə tələbinə dair mülki işə M.H.Həsənlinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    4.Abdullayev Mirağa Abdulla oğlunun Qəbələ rayon Aqrar İslahat Komissiyasına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə, Qəbələ rayonlararası Yerquruluşu İdarəsinə, Nəzirov Nüsrət Mürsəl oğluna və üçüncü şəxs Qəbələ rayonun Vəndam Bələdiyyəsinə qarşı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququnun tanınması, mülkiyyətin bərpa olunması, torpaqdan istifadə olunmasında törədilən maneələrə son qoyulması tələbinə dair mülki işə M.A.Abdullayevin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    5. İddiaçı Səfərova Mətanət Əlimövsüm qızının cavabdeh Yabekova Yelizaveta Andreyevnaya qarşı mənzildən çıxarılma tələbinə, Yabekova Yelizaveta Andreyevnanın Səfərova Mətanət Əlimövsüm qızına qarşı alqı-satqı müqaviləsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə M.Ə.Səfərovanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    6. Seyidova Arzu Eldar qızının cavabdehlər Seyidov Mirəli Mircəlal oğluna, Seyidova Səriyyə Ağoş qızına, Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə A.E.Seyidovanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    7. İddiaçı Məmmədov Kərim Abdulhüseyn oğlunun Zülfüqarov Rəhim Əmir oğluna, Quba rayon İcra Hakimiyyətinə qarşı tikilinin sökülməsi, cavabdehin ordan çıxarılması, vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə R.Ə.Zülfüqarovun yeni açılmış hallara dair ərizəsi Plenumun baxışına çıxarılsa da iş üzrə tərəflər Plenum iclasına gəlmədiyindən işə baxılması təxirə alınmışdır.

    8. İddiaçı Nəsirov Yaşar Səfər oğlunun cavabdeh Məmmədov Nuşrəvan Məhərrəm oğluna qarşı dəmir darvazanın götürülməsi və həyətə gedən yolun açılması tələbinə dair mülki işə N.M.Məmmədovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, iş üzrə məhkəmə aktlarına  yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.

    9. “Aqrarkredit” qapalı səhmdar cəmiyyətinin Hüseynova Rəfiqə Bəşir qızına qarşı borcun tutulması tələbinə dair mülki işə maraqlı şəxs R.H.Rəhmanovanın qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, prosessual müddət ötürüldüyündən ərizə qaytarılmışdır.

    10. İddiaçı Cəfərov Təbəgül Qulu oğlunun cavabdeh İbadov Məhəbbət Qubad oğluna qarşı həyətyanı torpaq sahəsindən keçən yolun bağlanması tələbinə dair mülki işə M.Q.İbadovun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi əsasında baxılmış, ərizənin  rədd edilməsi qərara alınmışdır.

<<  Geri qayıt