Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 09.02.2018
  •           09 fevral 2018-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

               Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq  bildirmişdir ki, 2017-ci il Azərbaycan Respublikasının bütün məhkəmə sistemi, o cümlədən Ali Məhkəmənin fəaliyyətində mühüm il olmuşdur.

               Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Möhtərəm Prezidentimizin humanizmin təntənəsinə xidmət edən bu Sərəncamı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

               Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “...Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, habelə bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”.

               Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən, Mülki, Cinayət, Mülki-Prosessual, Cinayət-Prosessual və sair Məcəllələrinə edilən dəyişikliklər möhtərəm cənab Prezidentimizin adı  çəkilən Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi mərhələlərindən biridir.

                    Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı digər sərəncamlarının da icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində də görülən işlər davam etdirilimişdir.

                  Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası və  elektron məhkəməyə keçidin təmin olunması məqsədilə  Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsi, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi  sistemi yenilənmişdir.  “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını  təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin Elektron Arxivinə inteqrasiya edilir. Həmçinin, “Elektron hökumət” portalı vasitəsi ilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

             Əvvəlki illərlə müqayisədə 2017-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Ali Məhkəmənin icraatında 2016-cı ildə 13.292 iş olmuşdursa 2017-ci ildə, onların sayı 2709 iş (20,4 faiz) artaraq 16.001-ə çatmışdır.

             Ali Məhkəmədə 2016-cı ildə 10530 işə baxılmışdırsa, 2017-ci ildə bu rəqəm 13550-a çatmış, yəni işlərin sayı 28,7 faiz artmışdır.  Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayında 1,8 faiz azalma müşahidə olunur.

                Baxılan işlərdə  Mülki kollegiyada  44,8  faiz,  İnzibati-iqtisadi kollegiyada  21,4 faiz artma, Cinayət kollegiyasında işlərin sayında 1,6 faiz, məhkum olunmuş şəxslərin sayında 3,8 faiz azalma, Hərbi kollegiyada isə baxılan işlərin sayında 8,2 faiz azalma olmuşdur. 

            

                    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.

                   Məruzə edən kollegiya sədrləri 2017-ci ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.

                   Mülki kollegiyada 2016-cı ildə 6246  işə, 2017-ci ildə isə 9047 işə baxılmışdır. Bu da baxılan işlərin sayının ötən ilə nisbətən 44,8 faiz artmasını  göstərir. Baxılmış işlərin sayının artmasına baxmayaraq ləğv edilmiş məhkəmə qərarlarının sayı 3,2  faiz azalmışdır ki, bu da ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə dəlalət edir. 

               2017-ci ildə bəzi kateqoriyalardan olan işlərin (ailə münasibətləri, əmək, mənzil,  bank-kredit  mübahisələri) sayı artmışdır. 

              Belə ki, ailə münasibətləri üzrə mübahisələrə dair işlərdə 71,9 faiz, əmək mübahisələrində 2 dəfə, mənzil mübahisələrində 39,8 faiz, bank-kredit mübahisələrində  93,6 faiz  artım müşahidə olunur.

                    2017-ci ildə mülki işlərin sayının artması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi ilə əlaqədar olmaqla eyni zamanda vətəndaşların məhkəmələrə inamının artmasının təsdiqidir.

                  2017-ci  il ərzində İnzibati-iqtisadi kollegiyada baxılmış 2637 işdən 504 iş iqtisadi, 2133 iş isə inzibati mübahisələrə dair işlərə aiddir. İnzibati məhkəmələrin fəaliyyətə başladığı 2011-ci ilin yanvarın 1-dən  hal-hazıradək inzibati orqanlara qarşı verilən iddiaların  82-84 faizi  təmin edilmişdir.

                 Plenumda həmçinin inzibati mübahisələrə dair işlərin baxılmasında  müxtəlif inzibati orqanlar və onların struktur qurumlarının tərəf qismində iştirak etdiyi, əsasən inzibati orqanların və bələdiyyələrin fəaliyyəti zamanı qəbul edilmiş qərarlar və hərəkətlərdən olan şikayətlər üzrə mübahisələrin yarandığı qeyd edilmişdir.

             Bəzi inzibati orqanlara qarşı olan iddiaların sayı artmışdır. Belə ki, onların sayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur qurumlarına qarşı 99,1 faiz, Vergilər Nazirliyi və onun struktur qurumlarına qarşı isə 27,5 faiz artım müşahidə olunur.

              2017-ci  ildə  Cinayət kollegiyasının icraatında olan 2495  nəfər haqqında 2460 işdən 2234 nəfər haqqında 1954 işə baxılmışdır (2016-cı ildə 2271 nəfər haqqında 2031 işə baxılmış, bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 3,8 faiz və 1,6 faiz azalma olmuşdur).

             Apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri qərarların stabilliyi ilə bağlı təhlil göstərir ki, 2016-cı ildə baxılmış 288 nəfər (12,6 faiz)  haqqında 247 iş üzrə (12,1 faiz) qərar ləğv edilmişdirsə, hesabat dövründə cəmi 258 nəfər (11,5 faiz) haqqında 202 iş üzrə (10,3 faiz) qərarlar ləğv olunmuş, bununla da bu göstəricələrdə də azalma müşahidə edilir.

               Cinayət kollegiyasında kassasiya qaydasında baxılmış işlər üzrə  şəxslər əsasən mülkiyyət əleyhinə, həyat və sağlamlıq əleyhinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan, ictimai təhlükəsizlik əleyhinə, hərəkət  təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət əməllərini törətdiklərinə görə məhkum olunmuş və kassasiya şikayətləri və kassasiya protestləri də ən çox məhz bu cinayətlərə görə məhkum olunmuş şəxslər haqqında qəbul edilmiş hökm və qərarlardan verilmişdir. Ləğv olunmuş və ya dəyişdirilmiş qərarlar sırasında isə mülkiyyət əleyhinə cinayət törətmiş şəxslər haqqında qəbul edilmiş qərarlar və ya çıxarılmış hökmlər daha çox olmuşdur.

              Kassasiya qaydasında baxılmış işlər üzrə talama cinayətlərinə, bu cinayətlərin sırasında da dələduzluğa (CM-nin 178-ci maddəsi) görə məhkum edilmiş şəxslər çoxluq təşkil etmişdir.

              Hərbi kollegiyanın icraatına 2017-ci ildə daxil olmuş 182 nəfər haqqında 142 işdən 134 nəfər haqqında 112 işə baxılmışdır (2016-cı ildə 146 nəfər haqqında 122  işə baxılmış, bununla da 2016-cı illə müqayisədə işlərin və məhkum olunmuş şəxslərin sayında müvafiq olaraq 8,2 faiz azalma olmuşdur).

              2017-ci ildə Hərbi kollegiyada kassasiya qaydasında baxılmış işlərin təhlili  göstərir ki, hərbi məhkəmələr tərəfindən baxılmış işlər üzrə şəxslər, əsasən mülkiyyət əleyhinə (47 nəfər), hərbi xidmət əleyhinə (30 nəfər), həyat və sağlamlıq əleyhinə (13 nəfər) olan cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar.

              Ali Məhkəmənin Plenumunun 2017-ci ildə 6 iclası keçirilmiş,  müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.    

             Plenumun 07 aprel 2017-ci il tarixli iclasında Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin  seçilməsi, həbsdə və ev dustaqlığında saxlanılma müddətinin uzadılması  ilə bağlı  təqdimatlara  və  həbsin  ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətlərə baxılması  təcrübəsinin ümumiləşdirilməsi digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə  müzakirə edilmişdir.

                Bundan əlavə, Plenumda qeyd edilmişdir ki, 2017-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, habelə digər müraciətlərinə baxılmış, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilmişdir.

                Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilmişdir.


<<  Geri qayıt