Azərbaycan Respublikası Ali Məhkəməsi

20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqi ilə bağlı suallar və onların cavabları
  •       Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiqi ilə bağlı suallar və onların cavabları.

    1. S U A L: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 16.3-cü maddənin yeni redaksiyasında qeyd olunur ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.

    Burada "əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş ifadələri vahid fikri əhatə edir, yoxsa "məhkum olunmuş", "məhkumluğu götürülmüş və ya ödənilmiş" ifadələri ayrı-ayrı məna kəsb edir? (məsələn: şəxs barəsində hökm çıxarıldıqdan sonra həmin hökm qanuni qüvvəyə minmədiyi müddətdə o, CM-nin eyni maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdə cinayətlərin təkrar törədilməsi halı yaranırmı?).

    C A V A B: CM-nin 16.3-cü maddəsinin mənasına görə, həmin maddədə üç qrup şəxs nəzərdə tutulur:

    1. əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş şəxslər (məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq);

    2. əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, lakin məhkumluğu götürülmüş və ya ödənilmiş şəxslər;

    3. cinayət məsuliyyətindən azad olunmuş şəxslər.

             Bu baxımdan şəxsin barəsində hökm çıxarıldıqdan, yəni o, hər hansı cinayəti törətdiyinə görə təqsirli bilinib cəzalandırldıqdan sonra hökm qanuni qüvvəyə minmədiyi dövrdə olsa belə eyni xarakterli cinayət törədərsə, əməl təkrar törədilmiş cinayət kimi qiymətləndirilmir.

    2. S U A L: CM-nin 18.4.1-ci maddəsinin mənasına görə, həm əvvəl, həm də sonra törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu norma CM-nin 18.1-ci maddəsinə zidd deyilmi?

    C A  V  A  B: CM-nin 18.1-ci maddəsi cinayət törətmiş şəxsin əməlində residivin olub-olmamasının müəyyən edilməsi üçün ümumi şərtləri nəzərdə tutduğu hallarda, CM-nin 18.4-cü maddəsində residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan hallar göstərilmişdir. CM-nin 18.4.1-ci maddəsinə əsasən bu hallardan biri şəxsin əvvəllər böyük ictimai təhlükə törətməyən cinayətlər törətməsidir. CM-nin 18.1 və 18.4, o cümlədən 18.4.1-ci maddələri arasında heç bir ziddiyyət yoxdur və residivin müəyyən edilməsi zamanı qanunvericilikdə əvvəllər də göstərilən halların nəzərə alınmaması ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. (Məsələn, şəxsin yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayətlər onun sonradan cinayət törətməsi ilə bağlı residivin olub-olmasının müəyyən edilməsi zamanı nəzərə alınmır).

    3. S U A L: 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən sanksiyasında azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları, bu Qanun qüvvəyə minənədək isə cərimə və azadlıqdan mərum etmə cəzaları (məsələn, CM-nin 177.2, 178.2 və sair maddələri) nəzərdə tutulmuş maddələr üzrə 1 dekabr 2017-ci il tarixədək cinayət törətmiş şəxsə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməməsi qənaətinə gəlmiş məhkəmə hansı qanunu tətbiq etməlidir, yəni şəxsə cərimə, yoxsa azadlığın məhdudlaşdırılması cəzasını təyin etməlidir?

    C A V A B: CM-nin 42-ci maddəsində nəzərdə tutulmuş cinayət cəzalarının təsnifatına uyğun olaraq cərimə cəzası ən yüngül cəza hesab edildiyindən, digər tərəfdən isə CM-nin 10.3-cü maddəsinin tələbləri nəzərə alınaraq 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən sanksiyasında azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları, bu Qanun qüvvəyə minənədək isə cərimə və azadlıqdan mərum etmə cəzaları (məsələn, CM-nin 177.2, 178.2 və sair maddələri) nəzərdə tutulmuş maddələr üzrə 1 dekabr 2017-ci il tarixədək cinayət törətmiş şəxsə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsi qənaətinə gəlmiş məhkəmə təqsirləndirilən şəxsə cərimə, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi ilə bağlı cinayət qanunun normaları qüvvəyə mindikdən sonra, həmçinin həmin cəzanı təyin edə bilər.

    4. S U A L: CM-nin 48-ci maddəsində əlavə cəza olaraq xüsusi və ya hərbi rütbədən, fəxri addan  və  dövlət təltifindən məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qanunda qeyd edilən dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinin baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərarın qəbul edilməsi həmin maddədə nəzərdə tutulan əlavə cəzanın tətbiq edilməsini istisna edirmi və yaxud belə bir təqdimatın verilməsi  göstərilən əlavə cəzanın tətbiq edilməsi hesab edilməlidirmi?

    C A V A B: CM-nin 48.0-cı maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir: 

    48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar;

    48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar.

    Göstərilən maddənin tələblərindən göründüyü kimi, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi qənaətinə gəlmiş məhkəmə bunu hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırmaqla nəticəvi hissədə məhkumun ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması barədə müvafiq icra hakimiyyəti orqanına təqdimatın göndərilməsi haqqında qərar qəbul etdiyini qeyd edir və bundan sonra ayrıca sənəd şəklində təqdimat tərtib edərək onu həmin orqana göndərir. Təhlil edilən məsələ ilə bağlı məhkəmənin qəbul etdiyi qərar və etdiyi hərəkətlər təqsirləndirilən şəxs barəsində CM-nin 48-ci maddənin tətbiq edilməsi hesab edilir.

    5. S U A L: CM-nin 50.1-ci maddəsinin yeni redaksiyasına əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.

    CM-nin 62.1-ci maddəsinin müddəasına görə isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

    Hərbi qulluqçuların barələrində olan cinayət işləri üzrə (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində hərbi xidmət üzrə məhdudlaşdırma cəza növü nəzərdə tutulmadığı hallarda həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin şəxslərə bu cəza növünün tətbiq olunması mümkündürmü?

    C A V A B: CM-nin 50.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla hərbi qulluqçuların barəsində olan cinayət işləri üzrə  CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində hərbi xidmət üzrə məhdudlaşdırma cəza növü nəzərdə tutulmadığı hallarda CM-nin 62-ci maddəsi tətbiq edilməklə cinayət törətmiş həmin şəxslərə bu cəza növünün tətbiq olunması mümkündür.

    6. S U A L: CM-nin 59.1.12-ci maddəsində göstərilir: “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi”  cəzanı yüngülləşdirici hal kimi nəzərə alınır.

    Qanunun mənasına görə yaxın qohum olmayan hüquqi varislər təqsirləndirilən şəxslə barışmaq hüququndan məhrum olunurmu?

    Bəzən elə olur ki, zərərçəkmiş şəxsin yaxın qohumları olmur və hüquqi varis qismində onun digər qohumları hüquqi varis təyin olunur və təqsirləndirilən şəxslərin zərərçəkmiş tərəflə barışmaq zərurəti yaranır. Belə olan halda təqsirləndirilən şəxs də zərərçəkmiş tərəflə barışmaqla işinin yüngülləşdirilməli hüququndan məhrum olur. Bu kimi hallar təqsirləndirilən şəxs barəsində CM-nin 60-cı maddəsinin tətbiqini məhdudlaşdırırmı?

    C A V A B: CM-nin 59.1.12-ci maddəsində təqsirləndirilən şəxsin ölmüş zərər çəkmiş şəxsin yalnız yaxın qohumu olan hüquqi varisi ilə barışmasının cəzanı yüngülləşdirən hal kimi hesab edilməsini və məhz bu halın CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas olmasını nəzərə alaraq, təqsirkarın ölmüş zərər çəkmiş şəxsin digər qohumu ilə barışıq əldə etməsi onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş güzəştli qərarın qəbul edilməsi üçün əsas yaratmır.

    7. S U A L: CM-nin 60.1-ci maddəsinin yeni redaksiyasına əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu maddənin tətbiqinin, yəni "son həddinin dörddə üçündən çox ola bilməz" müddəasının tətbiqinin şərtlərindən biri kimi 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün halların olması qeyd edilmişdir.

    “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında  CM-nin 60-cı maddəsində qeyd olunan bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində" müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqi nəzərdə tutulduğu üçün və normalar arasında uyğunsuzluq yarandığından CM-nin 60-cı maddəsi hansı qaydada tətbiq edilməlidir?

    C A V A B: CM-nin 60.1-ci maddəsinin yeni redaksiyasına görə, CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu maddənin müddəalarının düzgün tətbiq edilməsi üçün ilk növbədə 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin tələblərinə nəzər yetirmək və onları təhlil etmək lazımdır.

    CM-nin qeyd olunan maddələrində sadalanmış cəzanı yüngülləşdirən hallar aşağıdakı kimi təsbit edilmişdir:

    59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

    59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;

    59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 

    59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi;

    59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması.

    Bu maddələrin təhlili göstərir ki, digərlərindən fərqli olaraq yalnız CM-nin 59.1.10-cu maddəsi CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi üçün bir neçə müxtəlif halların olmasını tələb edir: 1) şəxsin könüllü gəlib təqsirini boynuna alması, 2) cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi; 3) cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi. Lakin müxtəlif cinayət işləri üzrə istintaq və məhkəmə təcrübəsi göstərir ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsindən sonra etdiyi hərəkətlərdə bu halların həm yalnız biri, həm də bir neçəsi ola da bilər, olmaya da bilər. Əvvəla, CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi üçün CM-nin 59.1.10-cu maddəsinin əsas götürülməsi üçün bütün hallarda, yəni törədilmiş cinayətin növündən, xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən və işin digər hallarından asılı olmayaraq təqsirləndirilən şəxsin özünü istintaq, təhqiqat orqanına və digər səlahiyyətli orqana gəlib təqdim etməsi və eyni zamanda təqsirini boynuna alması müəyyən olunmalı və təsdiq edilməlidir. Şəxs yuxarıda göstərilən orqanlara könüllü gəlib özünü təqdim etsə də cinayətin onun tərəfindən törədilməsini boynuna almaması onun hərəkətlərində CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması barədə nəticəyə gəlmək olmaz və belə olan halda CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas yaranmır. CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş digər hallara gəldikdə bu halların olub-olmaması, qeyd edildiyi kimi, törədilmiş cinayətin hallarından asılıdır. Məsələn, şəxsin təkbaşına zərər çəkmişi döyərək onun sağlamlığına ağır zərər vurduqdan sonra polis orqanına könüllü gəlib özünü təqdim etməklə təqsirini boynuna alması artıq CM-nin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan biri kimi qiymətləndirilməklə həmin şəxsin barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi üçün əsas verir. Bu halda artıq digər halların - cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi. Digər bir halda, məsələn, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən oğurluq cinayəti törədildikdən sonra, cinayət törətmiş şəxslərdən birinin könüllü olaraq polis orqanına gəlib özünü təqdim etməsi və təqsirini boynuna alması qanunun mənasına görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqinə o halda əsas verər ki, həmin şəxs həmçinin cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin də ifşa edilməsində və oğurlanmış əmlakın tapılmasında kömək etmiş olsun.        

    Bundan başqa, iki və ya daha çox cinayət törətmiş şəxsin könüllü gəlib həmin cinayətlərdən yalnız birinə görə təqsirini boynuna alması da onun haqqında CM-nin 60.1-ci maddəsinin tətbiqinə əsas vermir ona görə ki, qanunun mənasına və tələbinə görə “təqsirini boynuna alma” dedikdə şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu bütün cinayət əməlləri üzrə təqsirin boynuna alınması başa düşülür.

    Şərh olunanlara müvafiq olaraq hər hansı cinayət işi üzrə CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş bu və ya digər cəzanı yüngülləşdirən halın olmasının müəyyən edilməsi təqsirləndirilən şəxs haqqında CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir və həmin maddənin bu qaydada və əsaslarla tətbiqi sualda göstərilmiş Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına tam uyğundur.

    8.  S U A L: Şəxsə təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin birinə görə cərimə, digərinə görə isə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi hallarda, CM-nin 66.2-ci maddəsinin yeni redaksiyasına əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona hansı qəti cəza təyin edilməlidir?

    C A V A B: Şəxsə təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlərin birinə görə cərimə, digərinə görə isə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi hallarda, CM-nin 66.2-ci maddəsinin istər köhnə, istərsə də yeni redaksiyasına əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə ətmək yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilir.

    9. S U A L: Qanunla CM-nin 66.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından artıq ola bilməz. Cəzaları tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə cəzasına münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.  Bu normalarda hər hansı ziddiyyət yoxdur ki?

    C A V A B: CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

    CM-nin 15.3-cü maddəsinin tələblərinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

    Qanunun bu tələbləri məhkəmələrə imkan verir ki, cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxil olduqda təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin edilmiş cəzaların tam və ya qismən toplanılması yolu ilə üç ildən artıq olmayan müddətə, cinayətlərin məcmusuna yalnız az ağır cinayətlər daxil olduqda isə - cinayətlərin məcmusu üzrə on iki ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növndə qəti cəza təyin etsinlər. Göründüyü kimi, bu normaların tətbiqi hər hansı ziddiyyətli halın yaranmasına səbəb olmur.

    10. S U A L: Şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildikdə, onun üzərinə qoyulmuş vəzifələri ömrünün sonuna kimi daşımalıdırmı?

    C A V A B: Bəli. Şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyinə görə onun üzərinə qoyulmuş vəzifələri ömrünün sonuna kimi daşımalıdır ona görə ki, ona bu növdə cəza təyin edilmişdir, yəni ona cəza təyin edilərkən həmin cəzanın ömrünün sonuna qədər çəkməsi müəyyən edilmiş və ömrünün sonuna qədər çəkməli olduğu cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.

    11. S U A L: CM-nin 70.1-ci maddəsində şərti məhkum etmə tətbiq edilə bilən cəzaların dairəsinə azadlığın məhdudlaşdırılması cəzasının nəzərdə tutulmadığı halda CM-nin 70.5-ci maddəsinə «elektron nəzarət vasitəsini gəzdirmək həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək» sözlərinin əlavə edilməsi azadlığın məhdudlaşdırılması cəzası ilə şərti məhkum etmənin prinsiplərinin cəzaların çəkilməsi qaydalarının qarışdırılmasına səbəb olmurmu?

    C A V A B: Həm barəsində şərti məhkum etmə tətbiq edilmiş şəxsin, həm də azadlığın mədudlaşdırılması cəzası təyin olunmuş məhkumun üzərinə elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması onunla əlaqədardır ki, hər iki növ cəza tədbirinin tətbiqi məhkum olunmuş şəxsin üzərində nəzarətin həyata keçirilməsini tələb edir ki, bu nəzarət də digər üsullarla yanaşı həmçinin məhkumun üzərində gəzdirdiyi elektron nəzarət qurğusu vasitəsilə həyata keçirilə bilər. Buna görə burada iki növ cinayət hüquqi xarakterli tədbirlərin təkrarlanmasından və ya qarışdırılmasından söhbət gedə bilməz.

    12. S U A L: CM-nin 72-ci maddəsinə “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir” məzmunlu “Qeyd” əlavə olunmuşdur. Göstərilən maddəyə uyğun olaraq cinayət məsuliyyətindən azad etmə, cinayət törətmiş hər bir şəxs barəsində ömrü boyu bir dəfə tətbiq edilməsi, yoxsa hər maddə ilə ayrılıqda bir dəfə tətbiq edilməsi aydınlaşdırılsın.

    Bu halın hansı qaydada tətbiq olunması CM-nə əlavə edilmiş 73.2-ci maddəsində göstərilən cinayətlər üzrə də aydınlaşdırılsın. ( Məsələn bir dəfə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilmişsə, belə çıxır ki, 20-30 ildən sonra həmin şəxs belə bir cinayəti təkrar törətdikdə daha cinayət məsuliyyətindən azad oluna bilməz).

    C A V A B: CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-nin 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra (hətda 20-30 ildən sonra da) məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Bununla belə, məsələn, təqsirləndirilən şəxsin birinci dəfə CM-nin 72-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi onun sonradan CM-nin 73 və ya 73-1 və ya 73-2, yaxud da 74-1-ci maddəsinə əsasən cinayət məsliyyətindən azad edilməsini istisna etmir. Şərt odur ki, qanunvericilikdə məsuliyyətdən azad etmə haqqında nəzərdə tutulmuş bu və ya digər norma şəxs haqqında bir dəfə tətbiq edilir. Eyni zamanda 1 dekabr 2017-ci il tarixədək şəxsin əvvəllər qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla məsuliyyətdən azad edilməsi onun barəsində CM-nin 73-1, 73-2 və ya 74-1-ci maddəsinə əsasən yenidən cinayət məsuliyyətindən azad edilməsini istisna etmir. Bu halda yalnız CM-nin 72 və ya 73-cü maddəsinin təkrar tətbiqinə yol verilmir.

    13. S U A L: CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsində göstərilən xüsusatlar məhkumluğu ödənilmiş və ya qanunvericilikdə nəzərədə tutulmuş qaydada götürülmüş, əvvəllər məhkum olunmuş şəxslərə tətbiq oluna bilərmi?

    C A V A B: CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə, həmin maddədə yalnız əvvəllər məsuliyyətdən azad edilmiş şəxslər nəzərdə tutulduğundan, məsuliyyətdən azad etmə haqqında normalar əvvəllər məhkum olunmuş şəxslər haqqında tətbiq edilə bilər.

    14. S U A L: CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsində göstərilmiş şəxsin bu Məcəllənin 72-73-2 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi barədə olan dəyişiklik CM-nin 83.6- maddəsi ilə ziddiyyət yaratmırmı?

    C A V A B: Ümumiyyətlə CM-nin 72 - 73-2 və 74-1-ci maddələrinə əsasən  cinayət məsuliyyətindən azad edilmiş şəxs məhkum olunmuş şəxs hesab edilmir və belə halda məhkumluq yaranmadığından onun ödənilməsinə və ya götürülməsinə zərurət olmur. CM-nin 83.6-cı maddəsinə əsasən isə, məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Buna görə CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin CM-nin 83.6-cı maddəsinin müddəaları arasında heç bir ziddiyyət yoxdur.

    15. S U A L: Ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunan maddələr üzrə cinayət əməlləri başa çatmadıqda dövlət büdcəsinə ödənilməli olan məbləğ necə müəyyən ediləcək?

    C A V A B: Ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunan maddələr üzrə cinayət əməlləri başa çatmadıqda dövlət büdcəsinə ödənilməli olan məbləğ vurula biləcək ziyanın (təqsirləndirilən şəxsə elan olunmuş ittihamda göstərilən ziyanın) tam məbləğinə uyğun olaraq müəyyən edilməlidir.

    16. S U A L: CM-nin 73-cü maddəsinə görə, böyük ictimai təhlükə
    törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət rnəsuliyyətindən azad edilə bilər.

    Şəxs CM-nin 263.1 və 264-cü maddələri ilə cinayət törətdiyi halda CM-nin 264-cü maddəsi ilə məsuliyyəti onun həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsində yarandığından təqsirləndirilən şəxs bu Məcəllənin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunarkən 264-cü maddə üzrə də cinayət məsuliyyətindən azad olunmalıdırmı? (hər iki əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyindən)

    C A V A B: CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.  Bu normanın mənasına görə, həmin maddədə CM-nin 73.2-ci maddəsində göstərilmiş və eyni zamanda CM-nin Xüsusi hissəsinin hər hansı maddəsinin “Qeyd” hissəsində törədilməsinə görə cinayət məsuliyyətindən azad etmənin şərtləri müəyyən edilmiş (məsələn CM-nin 263-cü maddəsininin “Qeyd” hissəsi) cinayətlər istisna olmaqla digər, yalnız bir obyektə qəsd edən böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərdə tutulur. CM-nin 73.1-ci maddəsində nəzərdə tutulmuş normanın dispozitiv xarakter daşıdığını nəzərə alaraq məhkəmələr qeyd olunan cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi məsələsini müzakirə edərkən ilk növbədə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi halları ilə yanaşı iş üzrə müəyyən edilmiş digər halları – məsələn, cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsi səciyyələndirən halları, cinayətin törədilməsi şəraitini, təqsirləndirilən şəxsin həm bundan əvvəl, həm də bundan sonrakı davranışını nəzərə alaraq bu hallara uyğun olan obyektiv və ədalətli qərar qəbul etməlidirlər. Lakin, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət bir obyektə yox, iki obyektə, yəni yol hərəkəti qaydalarına və zərərçəkmiş şəxsin sağlamlığına və həyatına qəsd etdiyindən, həmin maddədə göstərilən cinayəti törətmiş şəxsin CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil.

    17. S U A L: CM-nin 73.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 73.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 1.56.1, 157.1, 158.1-ci maddələrində nəzərdə tutulan əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

    CM-nin 73.1-ci maddəsində nəzərdə tutulan halda “cinayət məsuliyyətindən azad edilə bilər", CM-nin 73.2-ci maddəsində isə göstərilən “cinayət məsuliyyətindən azad edilir” ifadələri arasında fərq nədən ibarətdir?

    C A V A B: CM-nin 73.1 və 73.2-ci maddələrinin fərqi ondan ibarətdir ki, birinci halda qanunverici böyük ictimai təhlükə törətməyən, lakin CM-nin 73.2-ci maddəsində göstərilməmiş, lakin yalnız bir obyektə - zərərçəkmiş şəxsin əmlakına və ya onun sağlamlığına qəsd edən cinayətlərin də törədilməsi hallarında təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini mümkün bilərək bu məsələnin həllini cinayət təqibini aparan orqanın və ya işə baxan məhkəmənin mülahizəsinə buraxır. Belə hallarda cinayət prosesini həyata keçirən orqanlardan, o cümlədən məhkəmələrdən təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması və ona vurulmuş zərəri tamamilə ödəməsi halı ilə yanaşı həmçinin cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilməsi şəraitini və iş üzrə müəyyən edilmiş digər halları nəzərə almaları tələb olunur. CM-nin 73.2-ci maddəsinin tətbiqinə gəldikdə isə, qeyd olunmalıdır ki, həmin maddədə nəzərdə tutulmuş norma imperativ xarakter daşımaqla onun dispozisiyasında göstərilmiş cinayətlərə dair işlərin ibtidai araşdırması və ya məhkəmə baxışı zamanı yalnız iki halın birlikdə mövcudluğu – təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı tamamilə ödəməsi artıq cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsinə əsas verir və burada cinayət təqibi orqanlarının və məhkəmələrin hər hansı seçim etmələrinə zərurət qalmır. Yəni təkcə qeyd edilən iki şərtin birgə mövcudluğu kifayətdir ki, CM-nin 73.2-ci maddəsində sadalanmış cinayətlərin törədilməsinə görə təqsirli bilinən şəxsin məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilsin. 

    18. S U A L: CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1 və digər maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərəçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

    Məhkəmə ibtidai araşdırma orqanından fərqli olaraq təqsirləndirilən şəxsin əməlini qeyd edilən maddələrə tövsif etmək qənaətinə gəldikdə müşavirəyə getməzdən əvvəl CM-nin 73-1.1-ci maddəsinin məzmununu təqsirləndirilən şəxsə izah edə bilərmi?

    C  A  V  A  B: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 346.1.5 və 346.1.8-ci maddələrinə əsasən, məhkəmə digər məsələlərlə yanaşı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığını və onun cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub olmadığını müzakirə etməlidir. Qanunun bu tələblərinə görə, təqsirləndirilən şəxsin əməlinin ona elan olunmuş ittihamdan fərqli olaraq CM-nin bir maddəsindən digərinə tövsif edilməsi məsələsini məhkəmə müşavirə otağından həll etməli və yalnız bundan sonra onun cinayət məsuliyətindən azad edilməsi üçün əsasların yaranıb-yaranmamasını müzakirə etməlidir. Buna görə məhkəmə müşavirə otağının sirrini yaymamaq şərti ilə, yəni təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin CM-nin bir maddəsindən başqa maddəyə tövsif edilməli olmasına dair gəldiyi nəticə barədə məlumat vermədən eyni zamanda ona hüquq və vəzifələrini izah edərkən törətdiyi əməl nəticəsində vurulmuş maddi və ya mənəvi zərəri ödəmək vəzifəsini daşıdığını və bu vəzifəni yerinə yetirərsə qanunda nəzərdə tutulmuş güzəştlərin onun haqqında tətbiq edilə bilməsini izah etməyə haqlıdır.

    19. S U A L: CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan  Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə həmin Məcəlləyə 73-1-ci maddəsi əlavə edilmişdir.

     “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.

     CM-nin 178-ci və 32.4,312-ci maddələri ilə təqsirləndirilən şəxslərin barələrində olan cinayət işləri üzrə zərər çəkmiş şəxs olmadığından və onlara dəyən zərərin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmasa da məhkəmə yekun qərar qəbul edənədək təqsirləndirilən şəxs cinayətin predmeti sayılan pul vəsaitini və sair maddi nemətləri rüşvət verən şəxsə qaytardıqda CM-nin 178-ci maddəsi ilə yaranmış məsuliyyətdən azad olunması nəzərdə tutulmuşdurmu?

    C A V A B: Sualda qeyd edilən tövsiyələrə uyğun olaraq CM-nin 178-ci və 32.4,312-ci maddələri ilə təqsirləndirilən şəxsin ələ keçirdiyi pul və sair nemətlər rüşvətin predmeti və eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlak hesab edildiyindən və dövlət nəfinə müsadirə edilməli olduğundan, həmin pulu və sair nemətləri rüşvət verməyə cəhd edən şəxsə qaytarmış təqsirləndirilən şəxs CM-nin 73-1-ci maddəsinə əsasən məsuliyyətdən azad edilmir.

    20. S U A L: CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

    Təqsirləndirilən şəxs vurulmuş ziyanı tamamilə ödədikdə, lakin zərər çəkmiş şəxs onunla barışmaqdan imtina etdikdə CM-nin 73-1.1-ci maddəsi tətbiq oluna bilərmi?

    C A V A B: CM-nin 73-1.1-ci maddəsi şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayətləri törətməsi ilə əlaqədar məsuliyyətdən azad olunması üçün iki halın olmasını – zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini tələb etdiyindən bu hallardan yalnız birinin olması göstərilən maddənin tətbiqi üçün əsas yaratmır. 

    21. S U A L: CM-nin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

    Cinayət qrup şəklində törədildiyi halda, dövlət büdcəsinə ödəniş təqsirləndirilən şəxslərin hamısı tərəfindən ayrı-ayrılıqda, yoxsa hamısı tərəfindən birlikdə ödənilməlidir? Həmçinin belə halda təqsirləndirilən şəxslərdən yalnız biri zərər çəkmiş şəxslə barışdıqda, digər təqsirləndirilən şəxslər haqqında CM-nin 73-1.1 və ya 73-1.2-ci maddələri tətbiq edilə bilərmi?

    C A V A B: CM-nin 73-1.2-ci madəsinin məzmunundan görünür ki, şəxs bu maddələrdə göstərilmiş cinayətləri törətməsi ilə əlaqədar o halda cinayət məsuliyyətindən azad edilir ki, həmin şəxs: 1) zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəsin; 2) zərər çəkmiş şəxslə barışsın; 3) dövlət büdcəsinə vurulmuş zərərin bir mislində ödəniş etsin. Cinayətin iki və daha çox şəxs tərəfindən törədildiyi hallarda zərər çəkmiş şəxsə vurulmuş zərər müştərək qaydada da ödənilə bilər, lakin təqsirləndirilən şəxslərin hamısının məsuliyyətdən azad olunmaları barədə qərarın qəbul edilməsi üçün onların hər birisi ayrı-ayrılıqda zərər çəkmiş şəxslə barışıq əldə etməli və hər birisi də dövlət büdcəsinə ödəniş etməlidir. Vurulmuş zərərin bir mislində ödənişin təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada dövlət büdcəsinə edilməsi onların hamısının məsuliyyətdən azad edilməsinə əsas vermir ona görə ki, qeyd olunan maddənin dispoziyasında “ödəniş edildikdə” deyil, “təqsirləndirilən şəxs ödəniş etdikdə” ifadələrindən istifadə olunmuşdur ki, bu ifadələrin mənasına görə də dövlət büdcəsinə  ödənişin edilməsi hər bir təqsirləndirilən şəxsdən tələb olunur.

    Belə hallarda qrupa daxil olan şəxslərdən yalnız CM-nin 73-1.1 və 73-1.2-ci maddələrində göstərilən şərtlərin hamısına əməl etmiş şəxs məsuliyyətdən azad edilir və buna görə qeyd olunan maddələr həmin şərtlərə əməl etməmiş digər şəxslər haqqında tətbiq edilmir.

    22. S U A L: Həm CM-nin 73-1-ci maddəsində sadalanan maddələrdə, həm də CM-nin 263.1 və 263.1-1-ci madəllərində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

    Həmin cinayət işlərinə baxılarkən təqsirləndirilən şəxs tərəfindən ziyan tamamilə ödənilmiş olsa da, zərərçəkmişin ona qarşı qərəzli mövqedə olması və buna görə onunla barışmaması halında təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkündürmü?

    C A V A B: Yalnız sualda qeyd olunan CM-nin 73-1-ci maddəsində və CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş halların hamısının birlikdə olması – şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi, habelə tələb olunduqda – dövlət  büdcəsinə vurulmuş ziyanın bir və ya iki mislində ödəniş etməsi onun barəsində cinayət qanununun qeyd olunan normalarının tətbiq edilməsinə əsas verir. Buna görə, zərər çəkmiş şəxsin ona vurulan ziyanı tamamilə ödəmiş təqsirləndirilən şəxslə barışmaması sonuncunun cinayət məsuliyyətindən azad edilməsini mümkünsüz edir.

    23. S U A L: CM-nin 73-1.2-ci maddəsinə əsasən, “bu Məcəllənin 178.2, 179.2, 186.2.1 və 189-1,2-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir” norması imperativ, CM-nin 73-1.3-cü maddəsinə görə isə “bu Məcəllənm 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər” norması səlahiyyətverici norma kimi təsbit edilmişdir. Bununla əlaqədar, CM-nin 73-1.3-cü maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin və ya edilməməsinin (azad oluna bilər müddəasına münasibətdə) məhkəmənin hüququ kimi anlaşıldığı halda hansı xüsusatlar nəzərə alınmaqla məhkəmə tərəfindən bu və ya digər qərar qəbul edilməlidir?

    C A V A B: CM-nin 73-1.3-cü maddəsində göstərilən əsaslarla şəxsin cinayət məsuliyyətindən azad olunub-olunmaması məsələsini həll edərkən məhkəmələr işin hallarını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə almaqla və bütün bu göstərilənlələrin məcmusuna əsaslanmaqla iş üzrə bu və ya digər qanuni, obyektiv və ədalətli qərar qəbul etməlidirlər.

    24. S U A L: CM-nin 73-1.2-ci və 73-1.3-cü maddələrində qeyd olunur ki, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın bir və ya iki misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Əgər cinayət işi üzrə iki və ya daha çox şəxs cinayət məsuliyyətinə cəlb edilmişdirsə, bu ödəniş hansı qaydada həyata keçirilir - hər bir şəxs vurulmuş zərərin 1 və ya 2 misli miqdarında ödəniş etməli, yoxsa belə ödəniş müştərək qaydada da edilə bilər?

    C A V A B:  CM-nin həm 73-1.2-ci, həm də 73-1.3-cü maddələrinin məzmunundan görünür ki, şəxs bu maddələrdə göstərilmiş cinayətləri törətməsi ilə əlaqədar o halda cinayət məsuliyyətindən azad edilir (ikinci halda azad edilə bilər) ki, həmin şəxs: 1) zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəsin; 2) zərər çəkmiş şəxslə barışsın; 3) dövlət büdcəsinə vurulmuş zərərin bir və ya iki mislində dövlətə ödəniş etsin. Cinayətin iki və daha çox şəxs tərəfindən törədildiyi hallarda zərər çəkmiş şəxsə vurulmuş zərər müştərək qaydada da ödənilə bilər, lakin təqsirləndirilən şəxslərin hamısının məsuliyyətdən azad olunmaları barədə qərarın qəbul edilməsi üçün onların hər birisi ayrı-ayrılıqda zərər çəkmiş şəxslə barışıq əldə etməli və hər birisi də dövlət büdcəsinə ödəniş etməlidir. Vurulmuş zərərin bir və ya iki mislində ödənişin təqsirləndirilən şəxslər tərəfindən müştərək qaydada dövlət büdcəsinə ödənilməsi onların hamısının məsuliyyətdən azad edilməsinə əsas vermir ona görə ki, qeyd olunan maddələrin dispozisiyasında “ödəniş edildikdə” deyil, “təqsirləndirilən şəxs ödəniş etdikdə” ifadələrindən istifadə olunmuşdur ki, bu ifadələrin mənasına görə də dövlət büdcəsinə  ödənişin edilməsi hər bir təqsirləndirilən şəxsdən tələb olunur.

    25. S U A L:  CM-nin 73-1 və 73-2-ci maddələrində mülkiyyət əleyhinə olan və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmənin əsasları nəzərdə tutulmuşdur. Əgər şəxs tərəfindən qeyd olunan cinayətlərlə yanaşı digər növ cinayətlərin törədilməsinə görə də təqsirli bilinərsə, onun cinayət məsuliyyətindən azad edilməsi hansı qaydada həyata keçirilməlidir? Qeyd olunan cinayət əməlləri bir qrup şəxsə tərəfindən törədildikdən sonra qrupa daxil olan şəxslərdən yalnız biri dəymiş ziyanı ödədikdə və dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad etmə digər təqsirləndirilən şəxslərə də münasibətdə tətbiq olunmalıdırmı?

    C A V A B: Şəxsin CM-nin 73-1 və 73-2-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət əleyhinə olan və iqtisadi fəaliyyət sahəsində cinayətlərlə yanaşı digər cinayətlər də törətməsi müəyyən edildikdə, həmin şəxs CM-nin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla və qadada azad edilə bilər.

    CM-nin 73-1 və 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər qrup şəklində törədildikdə, lakin zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və dövlət büdcəsinə müvafiq ödənişin edilməsi həmin qrupa daxil olan şəxslərdən yalnız biri tərəfindən təmin edildikdə, digər şəxslər qeyd olunan maddələrə əsasən cinayət məsuliyyətindən azad edilmirlər.

    26. S U A L: Şəxs CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulan bir maddə ilə əvvəllər məsuliyyətdən azad olunmuşdursa, həmin şəxs sonradan CM-nin 73-1-ci maddəsinə əsasən məsuliyyətdən azad edilə bilərmi? (Məsələn şəxs CM-nin 127.1-ci maddəsi ilə məsuliyyətdən azad olunmuşdur. Bundan sonra həmin şəxs CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törədərsə məsuliyyətdən azad oluna bilərmi?

    C A V A B: Bəli. CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxsin bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi müəyyən edilmişdir. Həmin maddələrin hər birində məsuliyyətdən azad olunma üçün müxtəlif şərtlər tələb edilməklə yanaşı, qeyd edilən normaların bir sıra hallarda fərqli cinayətlərə görə məsuliyyətdən azadetmənin əsaslarını təsbit etməsi müəyyən edilir. Göründüyü kimi, CM-nin 72-ci maddəsinin qeydi CM-nin 72, 73, 73-1, 73-2 və 74-1-ci maddələri ilə ümumilikdə bir dəfə məsuliyyətdən azad olunmanı deyil, həmin maddələrin hər biri ilə ayrılıqda bir dəfə məsuliyyətdən azad olunmanı təsbit edir.

    27. S U A L: CM-nin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs CM-nin 127-ci maddəsi ilə nəzərdə tutulan bir maddə ilə məsuliyyətdən azad olunmuşdur. Müəyyən edilir ki, həmin qərar qəbul edilməzdən əvvəl o, CM-nin 134-cü maddəsi ilə də nəzərdə tutulan cinayəti törətmişdir. Bu cinayət üzrə də zərərçəkmiş şəxslə barışmış təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilərmi?

    C A V A B: Bəli. Çünki şəxsin CM-nin 134-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli CM-nin 127-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə qərar qəbul edilməzdən əvvəl məlum olsaydı, yəni həmin işlərə bir icraatda baxılsaydı o, zərərçəkmiş şəxslərlə barışdıqda hər bir halda cinayət məsuliyyətindən azad edilmiş olacaqdı. Bu baxımdan da əgər şəxs araşdırma üzrə CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulan hər hansı bir və ya bir neçə maddə ilə məsuliyyətdən azad olunduqdan sonra, həmin qərar qəbul edilməzdən əvvəl CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulan digər cinayəti və ya cinayətləri də törətmiş olduğu müəyyən edilərsə və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə (şəxslərlə) barışarsa o, həmin maddə (maddələr) ilə də cinayət məsuliyyətindən azad edilməlidir.

    28. S U A L: CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Bu maddədə elektron nəzarət vasitəsini zədələmə yalnız qəsdən zədələməni, yoxsa həmçinin, ehtiyatsızlıqdan və ya məhkumun təqsiri olmayan hallarda zədələməni də nəzərdə tutur?

    C A V A B: CM-nin 71.3-cü maddəsinin tələblərinə görə, məhkum edilmiş şəxsin yalnız qəsdən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu qəsdən zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud da bilə-bilə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməməsi onun barəsində CM-nin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə tərəfindən şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarılmasına əsas verir.

    29. S U A L: CM-nin 73-1-ci maddəsi ilə nəzərdə tutulan hallarda zərərçəkmiş şəxslə barışması, ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunan maddələr üzrə zərərçəkmiş şəxslə barışması, ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi halı olduqda şəxs isə özünü təqsirli bilmədikdə məhkəmə hansı qərarı qəbul etməlidir?

    C A V A B: CM-nin 73-1-ci maddəsində göstərilən cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətməkdə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda, vurulmuş ziyanı tamamilə ödədikdə və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş etdikdə, lakin özünü ona elan olunmuş ittihamda təqsirli bilmədikdə məhkəmə cinayətin onun tərəfindən törədilməsi nəticəsinə gələrsə şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edir (edə bilər). Oxşar hal ibtidai araşdırma zamanı baş verdikdə, yəni şəxs onun barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət qaldırdıqda, lakin ibtidai araşdırma orqanı tərəfindən bu vəsatət təmin edilmədikdə, cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməlidir ki, şəxsin məhkəmə araşdırmaları nəticəsində bəraət almaq hüququ təmin edilmiş olsun.

    30. S U A L: Əvvəllər CM-nin 73-1-ci maddəsində göstərilən cinayətlərə görə təqsirli bilinib məhkum olunmuş və hal-hazırda cəzasını çəkən məhkum həmin maddədə nəzərdə tutulmuş şərtlərə əməl edərsə, onun barəsində bu maddə tətbiq edilməklə o, cəzanın çəkilməmiş qalan hissəsindən azad edilə bilərmi?

    C A V A B: Xeyr, çünki zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cəzadan azad etmə üçün CM-də müvafiq dəyişikliklər edilməmişdir. Lakin, 1 dekabr 2017-ci il tarixədək məhkum olunmuş şəxslər həmin hüquqdan istifadə edə bilərlər. Çünki onlar məhkum olunanadək CM-də zərərçəkmiş şəxslə barışması, ziyanın ödənilməsi və dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunan müvafiq müddəalar olmadığına və şəxsin vəziyyətini yaxşılaşdıran həmin müddəalar CM-nə yeni əlavə edildiyindən onlar həmin əsasla cinayət məsuliyyətindən azad edilməlidirlər və ya azad edilə bilərlər.

    31. S U A L: CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxsin bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi müəyyən edilmişdir.

    Şəxs əvvəllər bu maddələrdə qeyd olunan hər hansı bir maddənin qeydi ilə məsuliyyətdən azad olunmuşdursa, o, yeni qeydə əsasən təkrarən məsuliyyətdən azad oluna bilərmi? (Məsələn CM-nin 213.1-ci maddəsi ilə məhkəmədə məsuliyyətdən azad olunmuşdursa, o, yeni qeydə əsasən CM-nin 213.1-ci maddəsi ilə məsuliyyətdən azad oluna bilərmi?).

    C A V A B: Bəli. CM-nin 10.4-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.

    CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

    CM-nin yuxarıda qeyd edilən maddələrinin tələbinə əsasən, şəxs 01.12.2017-ci il tarixədək CM-nin 213-cü maddəsinin və ya CM-nin digər maddəsinin oxşar qeydi ilə cinayət məsuliyyətindən azad olunmuş olsa belə, barəsində CM-nin 72-ci maddəsinin qeydi tətbiq olunmadığından həmin qeydə əsasən yenə də cinayət məsuliyyətindən azad oluna bilər.

    32. S U A L: CM-nin 127.2-ci maddəsinin sanksiyasında 1 dekabr 2017-ci il tarixədək beş ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdursa, yeni Qanunla həmin cəzanın müddəti bir ildən beş ilədək müəyyən edilmiş və həmçinin sanksiyaya üç ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. 1 dekabr 2017-ci il tarixdən sonra məhkəmələr bu maddə ilə cəza təyin edərkən sanksiyanın hansı redaksiyasını əsas götürməlidirlər?

    C A V A B: 1 dekabr 2017-ci il tarixədək CM-nin 127.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edən məhkəmə ona həmin maddə əsasında bir ildən də az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilə bilməsi qənaətinə gələrsə, CM-nin 127.2-ci maddəsinin sanksiyasının qüvvədən düşmüş redaksiyasını əsas götürməklə ona belə cəza təyin edə bilər və bu halda CM-nin 62-ci maddəsinin tətbiqinə ehtiyac yoxdur. 1 dekabr 2017-ci il tarixdən sonra həmin cinayəti törətmiş şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qənaətinə gəldikdə isə məhkəmə CM-nin 127.2-ci maddəsinin sanksiyasının yeni redaksiyasını əsas götürməklə bu cəzanın müddətini bir ildən beş ilədək müəyyən etməlidir. Belə halda məhkəmə təqsirləndirilən şəxsə bir ildən az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün bilərsə bunun üçün cəzanı yüngülləşdirən müstəsna halları, yəni CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasları müəyyən etməlidir ki, yalnız bundan sonra həmin maddəyə istinad etməklə təqsirləndirilən şəxsə üç aydan bir ilədək azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilsin. Azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi ilə bağlı normalar qüvvəyə mindikdən sonra isə həm 1 dekabr 2017-ci il tarixədək, həm də bundan sonra CM-nin 127.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxslərə bu cəza təyin edilə bilər. (CM-nin 10.3-cü maddəsinin tələblərinə müvafiq olaraq).

    33. S  U  A  L: CM-nin 177.2-ci maddəsinin sanksiyasında iki növ cəza - azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

    Qanunun əsas müddəaları qüvvəyə mindikdən, yəni 1 dekabr 2017-ci il tarixdən sonra məhkəmə həmin maddə ilə təqsirli bilinmiş yetkinlik yaşına çatmayan şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyü qənaətinə gələrsə məhkəmə belə şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş hansı cəzanı təyin etməlidir?

    C A V A B: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun əsas müddəaları 01 dekabr 2017-ci il tarixdə qüvvəyə mindikdən sonra CM-nin 177.2-ci maddəsi ilə təqsirləndirilən şəxsin, o cümlədən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində cinayət işinə baxan məhkəmə onun cəmiyyətdən təcrid olunmadan islah edilməsi qənaətinə gələrsə, törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusundan, cinayətin, habelə cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini azaldan müstəsna halların mövcud olub-olmamasından asılı olaraq onun haqqında CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül (islah işləri, ictimai işlər və ya cərimə növündə) cəzanın təyin edilməsi haqqında qərar qəbul edə bilər.

    34. S U A L: CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət isə əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu tələblərə görə, oğurluq cinayəti törətmiş şəxs bir dəfə 101 manat, təkrarən 101, cəmi 202 manat ziyan vurduğu halda CM-nin 177.2.2-ci maddəsi ilə, bir dəfə 499 manat ziyan vurduğu halda isə CM-nin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilir. CM-nin 177.1-ci maddəsinin sanksiyasında iki ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu baxımdan ədalətlilik prinsipi pozulmurmu?

    C A V A B: Əvvəla qeyd edilməlidir ki, sualda əksini tapmış misal CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə uyğun deyil ona görə ki, zərər çəkmiş şəxsə 499 manat ziyan vurmaqla bir dəfə sadə oğurluq etmiş şəxs cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmalıdır, çünki sadə oğurluğa görə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan artıq məbləğdə ziyan vurulduğu halda yaranır.  Qanunverici bir dəfə törədilmiş sadə oğurluqdan fərqli olaraq həm təkrar, həm də başqa tövsifedici əlamətlərlə oğurluğa görə daha ciddi cəza müəyyən edərkən CM-nin 177.2.1-177.2.3-2, 177.2.5, 177.2-ci maddələrində göstərilən cinayətlərin xarakterini və sadə oğurluğa nisbətən daha da ictimai təhlükəli olmasını kifayət qədər nəzərə almış və burada ədalətlilik prinsipinin pozulmasına yol verilməmişdir.

    35. S U A L: Şəxs 500 manatdan az 100 manatdan artıq miqdarda ziyan vurmaqla sadə oğurluq törətdikdən sonra yenidən belə oğurluq (hər iki halda inzibati xəta kimi qiymətləndirilən əməl) törətdikdə onun əməlində CM-nin 177.2.2-ci maddəsinin tərkibi (oğurluğun təkrar törədilməsi) yaranırmı?

    C A V A B: Bəli. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

    CM-nin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.

    CM-nin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.”;

    CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.

    Qeyd olunan maddələri birlikdə şərh edərkən belə nəticəyə gəlmək olar ki, CM-nin 177.2.1, 177.2.3-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələri ilə yanaşı CM-nin 177.2.2-ci maddəsi ilə də nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Şəxs 500 manatdan az, lakin 100 manatdan artıq miqdarda ziyan vurmaqla törətdiyi sadə oğurluğa görə inzibati məsuliyyətə cəlb edildikdə və bu haqda qərar ləğv edilmədikdə həmin əməl CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb ola bilməz. Şəxs 500 manatdan az, lakin 100 manatdan artıq miqdarda ziyan vurmaqla sadə oğurluq törətdikdən iki il keçməmiş müddətdə yenidən oğurluq törətdikdə onun əməli CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməlidir.

    36. S U A L: Şəxs 600 manat ziyan vurmaqla dələduzluq (CM-nin 178.1-ci maddəsi) törətdikdən sonra yenidən 130 manat ziyan vurmaqla oğurluq törədərsə onun əməlində təkrarlıq əlamətinə görə CM-nin 177.2.2-ci maddəsinin tərkibi yaranırmı?

    C A V A B: Bəli. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

     CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.

    Qeyd olunan maddələrin tələbinə görə, CM-nin 178-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.

    37. S U A L:  CM-nin 178.2 və ya 178.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin elan olunmuş ittihamla razılaşmayaraq eyni zamanda zərər çəkmiş şəxslə barışaraq ittihamla müəyyən edilmiş ziyanı ödəmiş və müvafiq olaraq vurulmuş ziyanın 1 mislini və ya 2 mislini dövlət büdcəsinə ödəmiş, təqsirsiz olmasının sübuta yetirilməsi üçün ibtidai istintaqın davam etdirilməsini, sonra isə işin məhkəmədə baxılmasını və hökm çıxarılmasını tələb edən şəxsin bundan sonra həbsdə saxlanması, ümumiyyətlə ona qarşı digər hüquqları məhdudlaşdırıcı hərəkətlərin edilməsi, o cümlədən digər qətimkan tədbirlərinin seçilməsi düzgündürmü?

    C A V A B: CM-nin 178.2 və ya 178.3-cü maddəsi ilə təqsirləndirilən, barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin elan olunmuş ittihamla razılaşmayaraq eyni zamanda zərər çəkmiş şəxslə barışaraq ittihamla müəyyən edilmiş ziyanı ödəmiş və müvafiq olaraq vurulmuş ziyanın 1 mislini və ya 2 mislini dövlət büdcəsinə ödəmiş, təqsirsiz olmasının sübuta yetirilməsi üçün ibtidai istintaqın davam etdirilməsini, sonra isə işin məhkəmədə baxılmasını və hökm çıxarılmasını tələb edən şəxsin bundan sonra həbsdə saxlanması, ümumiyyətlə ona qarşı digər hüquqları məhdudlaşdırıcı hərəkətlərin edilməsi, o cümlədən digər qətimkan tədbirlərinin seçilməsi məqsədə müvafiq deyil. Çünki, CM-nin 178.2-ci və ya 178.3-cü maddəsi ilə təqsirləndirilən şəxs yuxarıda göstərilən bütün hərəkətləri edərsə və işə məhkəmədə baxılması nəticəsində həmin şəxsin cinayət törətməsi sübuta yetirilərsə, məhkəmə birinci halda onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etməli, ikinci halda isə belə qərar qəbul edə bilər. CM-nin 178.3-cü maddəsi ilə təqsirləndirilən, zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmiş, sonuncu ilə barışmış və eyni zamanda vurulmuş ziyanın 2 misli həcmində dövlət büdcəsinə ödəniş  etmiş şəxs cinayət məsuliyyətindən azad edilməsə belə, məhkəmə bu hallara əsaslanaraq onun barəsində digər güzəştli qərar qəbul etməyə haqlıdır (məsələn şəxsə təyin olunmuş cəzanın şərti tətbiq edilməsi və ya azadlıqdan mərum etməklə əlaqədar olmayan cəzanın təyin olunması).

     

    38. S U A L: Şəxsin əməlində CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi ilə yanaşı həm də CM-nin 234.4-cü maddəsində də müəyyən edilmiş cinayətin tərkib əlamətləri mövcud olduqda həmin əməl necə tövsif olunmalıdır? (Məsələn, təhsil və ya səhiyyə müəssisələrində külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma.)

    C A V A B: Belə halda şəxsin əməli cinayətlərin məcmusu qaydasında, yəni CM-nin 234.3-1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir.

    39. S U A L: İXM-nin 12.2-ci maddəsinin tələblərinə görə, İXM-nin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş və cinayət məsuliyyətdən azad edilmiş şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilməsi bir əmələ görə şəxsin iki dəfə məsuliyyətə cəlb edilməsinə səbəb olmur ki?

    C A V A B: CM-nin 263.1 və ya 263.1-1-ci maddəsində nəzərdə tutulmuş  cinayətləri törətmiş şəxslər barəsində cinayət işləri üzrə istintaq və məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda yol nəqliyyat hadisələri həm qeyd olunan maddələrdə göstərilən, həm də bu maddələrdə göstərilməyən nəticələrə (məsələn, maddi ziyanın vurulmasına, şəxslərin sağlamlığına yüngül zərərin vurulmasna və ya dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsinə) səbəb olur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında nəzərdə tutulmuş tövsiyələrə uyğun olaraq təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və barəsində çıxarılmış hökmdə onun törətdiyi əməlin bütün nəticələri təsvir olunsa da, həmin şəxs cinayət məsuliyyətinə yalnız CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində göstərilən nəticələrə, yəni zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına görə cəlb edilir. Bu baxımdan qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun yalnız sağlamlığına az ağır və ağır zərər vurulmuş zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin cinayət əməlləri ilə yanaşı həmçinin inzibati xətanın tərkibini də yaradan əməlləri törətməsi, yəni yol hərəkəti qaydalarının pozması nəticəsində digər zərər çəkmiş şəxslərin əmlakına ziyan vurulması və ya sağlamlığına yüngül zərər, habelə dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxs yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilir. Bu halda şəxsin eyni əməllərə görə həm cinayət, həm də inzibati məsuliyyətə cəlb edilməsi baş vermir. İnzibati xəta törətmiş şəxsin cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla inzibati məsuliyyətdən azad edilə bilməməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, bu çatışmazlıq İXM-də müvafiq dəyişiklər edilməsi yolu ilə aradan qaldırıla bilər.

    40. S U A L: CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunmuş şəxsin hərəkətlərində həm yol nəqliyyat hadisəsinin nəticələrinə səbəb olmuş pozuntulara, həm də inzibati xətanın tərkibini yaradan digər pozuntulara yol verməsi  müəyyən edilmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hansı orqan tərəfindən həll edilir və bu halda inzibati məsuliyyətə cəlb etmə müddətləri necə hesablanır?

    C A V A B: CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad olunmuş şəxsin həm də inzibati xətanın tərkibini yaradan digər pozuntulara yol verməsi  müəyyən edildikdə həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi inzibati xətanın xarakterindən və növündən asılı olaraq İXM-nin tələblərinə əsasən məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir, həmin şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətləri isə yenə də İXM-nin müddəalarına müvafiq olaraq hesablanır.

    41. S U A L: Qanunla CM-nin 264-cü maddəsinin sanksiyasına azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Qanunun tələbinə görə, şəxs CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdikdə və hadisə yerindən qaçdıqda ona həmçinin CM-nin 264-cü maddəsi ilə də ittiham elan olunur. Təqsirləndirilən şəxsə CM-nin 264-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması, CM-nin 263-cü maddəsi ilə isə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda ona cinayətlərin məcmusu üzrə hansı növdə qəti cəza təyin edilməlidir?

    C A V A B: Həm CM-nin 263, həm də CM-nin 264-cü maddələri ilə təqsirləndirilən şəxsə birinci maddə əsasında azadlıqdan məhrum etmə, ikinci maddə ilə isə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edildikdə məhkəmə CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin  məcmusu üzrə, CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə müvafiq hesablama aparmaqla, ona qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edir.

    42. S U A L: CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

    Bu maddə ilə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsi necə müəyyən edilməlidir? Belə hallarda zərərçəkmiş şəxsin dəlilləri əsas götürülməli, yoxsa zərərin məbləğini məhkəmə müəyyən etməlidir?

    Zərərçəkmiş şəxslə barışan və ona dəymiş ziyanı tamamilə ödəyən şəxs ictimai təhlükəsi daha yüksək olan cinayət məsuliyyətdən azad edildiyi halda onun bundan yüngül - inzibati məsuliyyətdən azad edilməməsi ziddiyətli görünmürmü?

    C A V A B: CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin törətdiyi əməl nəticəsində zərər çəkmiş şəxsə vurduğu zərərin məbləği ibtidai araşdırma orqanı və ya məhkəmə tərəfindən işin hallarına və toplanmış sübutlara uyğun olaraq obyektiv müəyyən edilməlidir. Bu zaman zərurət yarandıqda müvafiq ekspertizalar keçirilməli və ya müxtəlif müəssisə və təşkilatlardan, o cümlədən səhiyyə müəssisələrindən sorğular verilməklə lazımi məlumatlar alınmalı və yalnız mümkün olan tam araşdırma aparıldıqdan sonra zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi barədə müvafiq nəticəyə gəlinməlidir. Eyni zamanda araşdırma aparılarkən vurulmuş zərərin həcmi barədə zərər çəkmiş şəxsin də mövqeyi nəzərə alınmalıdır o, halda ki, ona vurulmuş ziyanın həcmi ilə bağlı irəli sürdüyü dəlilləri başqa sübutlarla təkzib edilməsin. Məsələ ilə əlaqədar obyektiv nəticəyə gəldikdən sonra ibtidai araşdırma orqanı və ya məhkəmə təqsirləndirilən şəxsə həmin nəticəyə uyğun olaraq zərər çəkmiş şəxsə vurulmuş bu və ya digər zərəri ödəməsi vəzifəsini daşıdığını və eyni zamanda CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsisinin müddəalarını izah etməlidir.

    CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin məsuliyyətdən azad edilməsi mümkünlüyünün cinayət qanunvericiliyində müəyyən edilməsi, yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətmiş şəxsin isə belə hüquqa malik olmaması məsələsinə gəldikdə qeyd edilməlidir ki, belə bir ziddiyyətli hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra mətndə İXM-də) müvafiq dəyişikliklərin edilməsi yolu ilə aradan qaldırıla bilər.

    43. S U A L: CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

    Burada “məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə” ifadəsi nəyi ehtiva edir? CM-nin 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək deyil, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, yəni hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə, onun barəsində göstərilən normanın tətbiqi mümkündürmü?

    C A V A B: CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsində “hökm çıxarılanadək” ifadəsi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə hökm çıxarılanadək olan mərhələni ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şəxsin CM-nin 306.1 və ya 306.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar o, halda qəbul edilə bilər ki, həmin şəxs barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış bəraət hökmü ləğv olunaraq iş üzrə ittiham hökmü çıxarılsın və təqsirkar şəxs ittiham hökmü çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etsin. Başqa hallarda apellyasiya və ya kassasiya instansiyası məhkəmələri tərəfindən göstərilən normanın tətbiq mümkün deyil.

    44. S U A L: 20 oktyabr 2017-ci il tarixli Qanunun keçid müddəalarının 2.5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş
    və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Göründüyü kimi, bu maddə yalnız cəza müddətləri yeni qanunla təyin edilmiş sanksiyanın yuxarı həddindən çox olan məhkumlara şamil edilməsini qəti müəyyən edir.

    Lakin, Qanunun 2.6-cı maddəsi məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə məhkəmə tərəfindən baxılması qaydasını təsbit edir. Qanunun 2.6-cı maddəsi də qanunla vəziyyəti yaxşılaşdırılan şəxslərə də bu qanunun tətbiqini nəzərdə tutur, 2.5-ci maddəsi isə məhkumların qəti dairəsini müəyyən edir.

    Qanunun 2.6-cı maddəsi hansı məhkumları nəzərdə tutur (Qanunun 2.5-ci maddə ilə dairəsi qəti müəyyən edilənləri, yoxsa vəziyyəti yaxşılaşdırılan bütün məhkumları)?

    C A V A B: Əgər CM-də edilmiş dəyişikliklər hər hansı əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin vəziyyətini yaxşılaşdırırsa (yüngülləşdirirsə) CM-nin 10.3-cü maddəsinə əsasən yüngülləşdirici qanunun geriyə qüvvəsi olmasını nəzərə alaraq, bu və ya digər dəyişiklik istənilən məhkum barəsində tətbiq edilə bilər o şərtlə ki, onun məhkumluğu götürülməmiş və ya ödənilməmiş olsun. 20 oktyabr 2017-ci il tarixli Qanunun keçid müddəaları belə, yəni barələrində dəyişikliklər tətbiq edilməli olan məhkumların dairəsini məhdudlaşdırmır.

    45. S U A L: Keçid müddəalarının 2.5-ci maddəsinə əsasən, 20 oktyabr 2017-ci il tarixli Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır. Qeyd olunan maddədəcinayət” ifadəsi hər hansı cinayəti (məsələn oğurluq cinayətini, CM-nin 177), yoxsa şəxsin məhkum edildiyi konkret cinayəti (məsələn CM-nin 177.2.2) nəzərdə tutur?

    C A V A B: 20 oktyabr 2017-ci il tarixli Qanunun keçid müddəalarının 2.5-ci maddəsinin mətnindən də görünür ki, şəxsə təyin olunmuş cəzanın azaldılması məsələsi həll edilərkən onun məhz məhkum edildiyi konkret cinayətə görə təyin olunmuş cəza nəzərdən keçirilir.

    46. S U A L: 20 oktyabr 2017-ci il tarixli Qanunun keçid müddəalarının 2.5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.

    Keçid müddəalarının 2.6-cı maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun 2.4 və 2.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır.

    Məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiya həddində olduğu halda cəza müddətləri azaldıla bilərmi?( Məsələn, şəxsə CM-nin 177.3.2-ci maddə ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (həmin vaxt qüvvədə olan sanksiyanın yuxarı həddinin dörddə üçü həddində). CM-nə edilən dəyişiklikdən sonra şəxsə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilərmi? (hazırda qüvvədə olan sanksiyanın yuxarı həddinin dörddə üçü həddində. Və ya şəxsə CM-nin 221.3-cü maddəsi ilə aşağı həddə - 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdirsə, yeni sanksiya tətbiq edilməklə onun cəzası aşağı həddədək, yəni  2 il müddətədək endirilə bilərmi?)

    C A V A B: CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

    Odur ki, məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiya həddində olduğu halda cəza müddətləri azaldıla bilər. Lakin bu zaman sui-istifadə hallarından çəkinməli, şəxsə yeni cəza təyin edilərkən təyin edilmiş cəzanın həddi və cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaldır. Məsələn, CM-nin 178.3.2-ci maddəsi ilə şəxsə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdirsə, hökmün icrası qaydasında ona 10 il müddətinə azadlıqdan məhrum etmə cazasından aşağı cəzanın təyin edilməsi keçid müddəalarının 2.5-ci maddəsinə əsasən qanuni hesab edilə bilməz. Şəxsə CM-nin 177.3.2-ci maddə ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdirsə, CM-nə edilən dəyişiklikdən sonra şəxsə vurulmuş, zərərin miqdarı, onun müəyyən hissəsinin ödənilib-ödənilməməsi nəzərə alınmaqla 9 ildən 7 il 6 ay müddətədək azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 il müddətədək endirilməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla hökmün icrası qaydasında istisna edilmir.

    47. S U A L: Məhkəmə şəxsin barəsində cinayət işinə baxarkən onun əvvəlki məhkumluğu üzrə başqa məhkəmə tərəfindən çıxarılmış hökmün (20 oktyabr 2017-ci il tarixli Qanunun Keçid müddəalarının 2.6-cı maddəsinə əsasən) dəyişdirilməsi zərurətini müəyyən edərsə, bu haqda qərarı özü qəbul edə bilərmi, yoxsa birinci işə baxmış tərəfindən müvafiq qərarın qəbul edilməsini gözləməli və yalnız bundan sonra hökm çıxarmalıdır?

    C A V A B: Cinayət işlərinə məhkəmələrdə baxılması üzrə süründürməçiliyin qarşısının alınması üçün məhkəmə şəxsin barəsində cinayət işinə baxarkən onun əvvəlki məhkumluğu üzrə başqa məhkəmə tərəfindən çıxarılmış hökmün (20 oktyabr 2017-ci il tarixli Qanunun Keçid müddəalarının 2.6-cı maddəsinə əsasən) dəyişdirilməsi zərurətini müəyyən edərsə, bu haqda qərarı özü də qəbul edə bilər.

    48. S U A L: Məhkəmənin icraatında olan və hazırlıq iclası 1 dekabr 2017-ci il tarixdən sonraya təyin edilmiş cinayət işi üzrə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli CM-də edilən dəyişikliyə əsasən daha yüngül maddəyə tövsif edilməlidirsə, həmin şəxs hazırlıq iclasında CM-nin hansı maddəsi ilə məhkəməyə verilməlidir. Əməlin tövsifi həmçinin məhkəmə aidiyyətinin dəyişdiriməsinə də əsas olduqda, hazırlıq iclasında məhkəmə işin aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi haqqında qərar qəbul etməlidirmi? (Məsələn, şəxsə CM-nin 178.3.2-ci maddəsi ilə (külli miqdarda zərər vurmaqla dələduzluq) ittiham elan olunmuş, lakin hazırki CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən onun vurduğu ziyan xeyli miqdar təşkil edir. Belə şəxs 1 dekbr 2017-ci il tarixdən sonra hazırlıq iclasında hansı maddə ilə məhkəməyə verilməlidir və əməl az ağır cinayət hesab edildiyi üçün işə baxan Ağır Cinayətlər Məhkəməsi həmin işin aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilməsi haqqında qərar qəbul etməlidirmi?).

    C A V A B:  Cinayət-Prosessual qanunvericiliyində hazırlıq iclasında təqsirləndirilən şəxsin cinayət əməlinin ona elan olunmuş ittihamdan fərqli olaraq daha yüngül maddəyə tövsif edilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmələrin icraatına 1 dekabr 2017-ci il tarixədək daxil olmuş cinayət işləri üzrə təqsirləndirilən şəxsin əməlinin CM-nə edilmiş dəyişikliklərə müvafiq olaraq daha yüngül maddəyə tövsif edilməsi zərurəti yaransa da, məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə, yəni köhnə maddə ilə məhkəməyə verilməsi barədə qərar qəbul etməli və məhkəmə baxışı başa çatqdan sonra çıxardığı hökmdə təqsirləndirilən şəxsin əməlinin dəyişikliklərə müvafiq olaraq tövsif etməlidir.


<<  Geri qayıt