Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 08.10.2010
  • Bakı, 8 oktyabr (AzərTAc). Oktyabrın 8-də Ali Məhkəmədə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. 
    Ali Məhkəmənin sədri iclası açaraq bildirmişdir ki, respublikamız Avropaya inteqrasiya yolunda inamla addımlayaraq beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilmiş, hüquqi dövlət quruculuğu sahəsində uğurlu nəticələr əldə etmişdir. 
    Bu gün Azərbaycan dünya dövlətləri tərəfindən hüquqi dövlət prinsiplərini ardıcıl olaraq həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edilir. 
    Ali Məhkəmənin sədri hüquqi dövlət quruculuğu sahəsində məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır. 
    Plenumda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” qərar layihəsi müzakirə edilmişdir. Müzakirələr zamanı qərar layihəsinin daha da təkmilləşdirilməsi üçün təhlillər aparılmış, təkliflər irəli sürülmüşdür. 
    Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyalarının yeni tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi Məsləhət Şurasının tərkibi, Ali Məhkəmənin Bülleteninin yeni redaksiya heyətinin tərkibi və Ali Məhkəmənin 2010-cu ilin ikinci yarısı üçün iş planı təsdiq edilmişdir. 
    Plenum konkret cinayət və mülki işlərə də baxmışdır. 
    Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir. 
    Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov və Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.
     
                 Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 
                08 oktyabr 2010-cu il tarixli iclasında baxılmış  cinayət və 
              mülki işlər üzrə 
           M Ə L U M A T
     
    1.    Abdullayev Anar Bayram oğlunun, Rəhimov Səid Davud oğlunun və İlyas-zadə İlyas Məşədi oğlunun Azərbaycan Respublikası CM-nin  178.3.2 və 271.2-ci  maddələri  ilə məhkum edilmələrinə  dair cinayət işinə Azərbaycan Respublikası Baş Prokurorunun  əlavə kassasiya protestinə əsasən baxılmış, əlavə kassasiya protesti təmin edilərək Abdullayev Anar Bayram oğlunun, Rəhimov Səid Davud oğlunun və İlyas-zadə İlyas Məşədi oğlunun  Azərbaycan Respublikası CM-nin 178.3.2271.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 16 iyun 2010-cu il  tarixli qərarının ləğv edilərək, işin yeni kassasiya baxışına göndərilməsi qərara alınmışdır.

    2.    Əliyev Vüqar İbrahim oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1 və 228.4-cü maddələri   ilə məhkum edilməsinə  dair cinayət işinə  Vüqar Əliyevin vəkili Mustafayev Əsabəli Qurban oğlunun yeni açılmış hallar üzrə icraat açılması barədə ərizəsinə baxılmış,   ərizə  təmin edilərək  iş üzrə kassasiya  şikayəti vermə müddətinin  bərpasına dair vəsatətin  rədd edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 22 yanvar 2008-ci il tarixli qərarının  ləğv edilməsi, kassasiya   şikayəti vermə müddətinin  bərpasına dair vəsatətin   baxılması üçün Ali Məhkəmənin cinayət kollegiyasının  məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.


    3.    Musayeva Natəvan Əhəd qızının “Memar-3” Mənzil Tikinti Kooperativinin sədri Rəhimova Aidə Sadiq qızına qarşı vərəsənin kooperativin üzvlüyünə qəbul olunması, müqavilənin qismən etibarsız hesab olunması, vəzifəli şəxsin üzərinə qanunsuz hərəkətlərinə son qoyması vəzifəsinin həvalə edilməsi, mənzilin qiymətinin müəyyən olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiasına,  “Memar-3” MTK-nın sədri Rəhimova Aidə Sadiq qızının Musayeva Natəvan Əhəd qızına qarşı mənzilin satışa çıxarılması, ödənilmiş pulun qaytarılması və qalan məbləğin kooperativə verilməsinə dair   qarşılıqlı iddiasına, müstəqil tələb irəli sürən 3-cü şəxs Bağırlı Rasim Yusif oğlunun kooperativdə olan miras payın vərəsəyə aid hissəsinin müəyyən edilməsi və ayrılmasına   dair  iddiası barədə  mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  21 iyun 2010-cu il tarixli qərarına əsasən baxılmış, iş  üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 07 iyul  2009-cu il tarixli qərarının və onunla bağlı Bakı  Apellyasiya Məhkəməsinin MİÜK-nın  05 fevral 2009-cu  il tarixli qətnaməsinin ləğv edilməsi,    işin yenidən baxılması üçün Bakı  Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    4.     Əkbərova (Vəzirova) Məsumə Səfərəli qızının  Əkbərov Ədalət Dilavər oğlu və Əkbərov Dilavər Məhərrəm oğluna qarşı yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə  mülki işə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  21 iyun 2010-cu il tarixli qərarına əsasən baxılmış,   iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının və onunla bağlı Bakı  Apellyasiya Məhkəməsinin MİÜK-nın 26 dekabr  2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı  Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    5.    Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin “Fatmeyi-Zəhra” Məscidi Dindarlarının Dini İcmasına qarşı torpaq sahəsindən çıxarılma və özbaşına inşa edilmiş tikililərin sökülməsinə dair iddası, “Fatmeyi-Zəhra” Məscidi Dindarlarının Dini İcmasının Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə qarşı sərəncamın etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun bərpa edilməsi və qanunsuz müdaxilənin qarşısının alınmasına dair qarşılıqlı iddiasına dair  mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin   təqdimatı əsasında baxılmış, təqdimatın  təmin edilərək   iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İMDİÜMK-nın 30 aprel 2010-cu il  tarixli, 2-1(103)545/09 saylı qərarının və onunla əlaqədar Bakı Apelyasiya Məhkəməsi İMDİÜK-nın   25 noyabr 2009-cu il tarixli,  2-1(102)151/10 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
     
    6.    Osmanov Səhət Məhəmməd oğlunun cavabdeh «Azərnəqliyyatyoltikinti» ATSC-nə, həmin Cəmiyyətin 445 saylı Tikinti İdarəsinə, Yasamal rayon İcra Hakimiyyətinə, maraqlı şəxs Şahbəndəliyev Sərhad Müseyib oğluna  qarşı yaşayış sahəsinin verilməsi növbəliyinin pozulması ilə əlaqədar pozulmuş hüquqlarının bərpa edilməsi, təsdiq olunmuş siyahı üzrə mənzillə təmin edilməsinə dair mülki işə Osmanov Səhət Məhəmməd oğlunun qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış,  ərizə  təmin edilərək iş üzrə Binəqədi rayon məhkəməsinin 12 fevral 2008-ci il tarixli qətnaməsinin, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 03 iyun 2009-cu il tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəmənin MİÜMK-nın 06 oktyabr 2009-cu il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.

    7.    Namazova Cəmilə Davud qızının Həsənova (Namazova) Raziyə Xanbudaq qızına qarşı mülkdən köçürülmə tələbinə dair mülki işə Namazova Cəmilə Davud qızının  qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, ərizənin təmin edilməyərək iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 20 aprel 2005-ci il tarixli, 6k-688/2005 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasının rədd edilməsi qərara alınmışdır.

    8.    Bayramov Müşfiq Cəbrayıl oğlunun Feyruzov Rüfət Əsgərağa oğluna və Feyruzov Əsgərağa Rəhman oğluna qarşı həyətyanı torpaq sahəsində istifadə hüququnun bərpa edilməsi və əmrin ləğv edilməsi tələbinə dair mülki işə Bayramov Müşfiq Cəbrayıl oğlunun   qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış,   qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə üzrə yenidən baxılmanın rədd edilməsi qərara alınmışdır.


    9.    Mirzəmətov Ağamət Zaquddin oğlunun Qurbanov Xəyyam Cümşüd oğluna və Qurbanova Reyhan Saday qızına qarşı evdən çıxarılma və evə köçürülmə tələbinə, Qurbanov Xəyyam Cümşüd oğlunun və Qurbanova Reyhan Saday qızının Mirzəmətov Ağamət Zaquddin oğluna və Məmmədov Elşən Nazim oğluna qarşı etibarnamənin ləğv edilməsi, səsndlərin qaytarılmasına dair qarşılıqlı iddia  tələbinə dair mülki işə Qurbanov Xəyyam Cümşüd oğlu və Qurbanova Reyhan Saday qızının qanuni qüvvəyə minmiş  məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsi əsasında baxılmış, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə üzrə yenidən baxılmanın  rədd edilməsi qərara alınmışdır.

    10.    Rüstəmova Səyyarə Kamil qızının “Beka Tradinq CO” MMC-nin baş direktoru Bunyamin Kakat Ömər oğluna və üçüncü şəxs Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı təsisçilik hüququnun tanınması, bu barədə qeydiyyatın hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, işə bərpa və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ödənilməsi  tələbinə dair iddiası, “Beka Tradinq CO” MMC-nin baş direktoru Bunyamin Kakat Ömər oğlunun Rüstəmova Səyyarə Kamil qızına qarşı şərəf və ləyaqətin təhqiri, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə Rüstəmova Səyyarə Kamil qızının əlavə kassasiya şikayəti  əsasında baxılmış, əlavə kassasiya şikayətinin qismən təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 12 fevral 2010-cu il tarixli qərarının, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 14 sentyabr 2009-cu il tarixli qətnaməsinin iddiaçı Rüstəmova Səyyarə Kamil qızının işə bərpa və məcburi iş buraxmaya görə itirilmiş əmək haqqının ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, qalan hissədə məhkəmə qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
     

<<  Geri qayıt