Azərbaycan Respublikası Ali Məhkəməsi

Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri ilə görüşmüşdür
  •       2017-ci il iyunun 12-də ölkəmizdə səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

           Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat vermiş, aparılan məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapmasını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. Eyni zamanda Azərbaycan və Bolqarıstan prokurorluq və məhkəmə orqanları arasında çox işgüzar əlaqələr yaranmış, bu əlaqələr ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

           Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarov Azərbaycanın məhkəmə-hüquq sisteminə xüsusi maraq göstərdiklərini, bu sahədə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

         Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

           Sonda qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar. Bolqarıstanın Baş prokuroru muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır. 


<<  Geri qayıt