Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 25.01.2010
  • 25 yanvar  2010-cu ildə  Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

    Ali Məhkəmənin sədri  Plenum iclasını açaraq bildirmişdir ki, ötən il  ölkəmizdə bütün sahələri əhatə edən  inkişaf  məhkəmə-hüquq sahəsində də davam etdirilmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq Ali Məhkəmədə informasiya texnologiyaları şöbəsi yaradılmış, maddi-texniki baza möhkəmləndirilmişdir. Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşmışdır. Əvvəlki illərlə  müqayisədə 2009-ci il ərzində vətəndaşların  hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.

    Ali Məhkəmənin sədri eyni zamanda  qanunun aliliyinin və məhkəmə hakimiyyətində şəffaflığın təmin  olunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində  məhkəmələrin qarşısında duran vəzifələrdən danışmışdır. 

    Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2009-ci ildə  ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair  məlumatları dinlənilmişdir.

    Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və  təhlillər aparılmışdır. 

    Məruzə edən kollegiya sədrləri 2009-ci ildə məhkəmə kollegiyalarının fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər. 

    Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə  baxılmış işlər və daxil olmuş müraciətlər  2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma müşahidə olunmuşdur. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında  13,1 faiz  azalma  qeydə alınmışdır.  Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş  işlərin sayı 10,8 faiz  artmışdır. 

    Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə 4 min 862 işə baxılmışdır. Bu da 2008-ci ildə  baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilmişdir. 

    2009-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara  hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır. 

    Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunmuşdur. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdirsə, 2009-ci ildə  21 min 162 müraciət edilmişdir ki, bu da 1 min 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı  müraciətlər isə 4,9 faiz azalmışdır. 

    Plenumda qeyd edilmişdir ki, bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən  çıxardıqları qərarlarda  qanunvericiliyin  daha düzgün tətbiq edilməsi  sayəsində mümkün olmuşdur.
    Plenumda Ali Məhkəmənin 2010-cu ilin I yarısına dair iş planı təsdiq edilmişdir.

    Plenum konkret  cinayət və mülki işlərə də  baxmışdır.

    Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     
     
     
     

<<  Geri qayıt