Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 03.11.2009
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin
    Plenumu haqqında
    M Ə L U M  AT
     
    2009-cu il noyabrın 3-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.
     
    Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarının icrası ilə əlaqədar məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, dövlətin insan amilinə önəm verməsinin nəticəsidir ki, son vaxtlar insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
     
    Plenumda “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” məsələ müzakirə olunmuşdur. Bu  məsələ barədə Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə məruzə etmişdir.
     
    Çıxış edənlər qeyd etmişlər ki, insan hüquq və azadlıqlarının daha dolğun şəkildə qorunması, istintaq orqanlarının qəbul etdikləri qərarların qanuniliyini təmin etmək məqsədilə yeni institutun – məhkəmə nəzarəti institutunun yaradılması təcrübədə özünü doğrultmuşdur. Eyni zamanda vurğulanmışdır ki, bir sıra məhkəmələr tərəfindən ibtidai istintaq orqanlarının insan hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarəti bəzi hallarda qanunun tələblərinə və Avropa Məhkəməsinin tövsiyyələrinə cavab vermir. Bu xüsusilə cinayət məsuliyyətinə alınmış şəxslər haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimatlara baxılması məsələsində özünü daha qabarıq şəkildə göstərir.
     
    Müzakirə olunan məsələnin nəticəsi olaraq Ali Məhkəmənin Plenumu “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılması məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” tövsiyyə xarakterli qərar qəbul etmişdir.
     
    Plenumda müzakirəyə çıxarılan ikinci məsələ Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsində 2008-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı olmuşdur.  
    Məsələ ilə əlaqədar Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri Mahmud Nəbiyevin məlumatı və Ali Məhkəmənin hakimi Şahin Yusifovun məruzəsi dinlənilmişdir.
     
    Plenumda Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimləri tərəfindən baxılan işlər üzrə təqsirləndirilən şəxslər barəsində cinayət cəzalarının təyin edilməsi təcrübəsi, məhkəmə qərarlarının yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi və ya ləğv edilməsinin səbəbləri barədə geniş müzakirə aparılmışdır. Bildirilmişdir ki, təhlükəsiz yaşamaq insanın ayrılmaz təbii hüququ, onun azadlığının tərkib hissəsidir. Təhlükəsiz yaşamaq hüququ şəxsin azadlığının və toxunulmazlığının hər cür qanuna zidd qəsdlərdən qorunmasının və hüquqa zidd əməlləri törətməkdə təqsirli bilinən şəxslərin cəzalandırılmasının dövlət tərəfindən təmin edilməsini nəzərdə tutur. İnsanın həyat və sağlamlığının, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi sahəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin fəaliyyətində müsbət təcrübə ilə yanaşı bir sıra nöqsanların da olduğu qeyd olunmuşdur.
     
    Plenum konkret mülki işlərə də baxmışdır.
     
    Plenum müzakirə olunan məsələlər və baxılan mülki işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
     
    Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.
     
     

<<  Geri qayıt