Azərbaycan Respublikası Ali Məhkəməsi

Montenegro Ali Məhkəməsinin sədri Azərbaycan Ali Məhkəməsində olmuşdur
  • 2014-cü il oktyabrın 23-də  ölkəmizdə səfərdə olan Montenegro Ali Məhkəməsinin sədri Vesna Medenica Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Montenegro Ali Məhkəməsi sədrini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycanla   Montenegro arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır.

              Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonağa məlumat vermişdir. Bildirmişdir ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ tətbiq olunur. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.

     Montenegro Ali Məhkəməsinin sədri Vesna Medenica  Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərmişdir.  Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi  ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqə yaratmaq barədə razılığa gəlinmişdir. Qonaq iki ölkə arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

    Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı  fikir mübadiləsi aparılmışdır.

             Qonaq Ali Məhkəmənin  inzibati  binası ilə  tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışdır.


<<  Geri qayıt