Azərbaycan Respublikası Ali Məhkəməsi

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş Ali Məhkəmədə olmuşdür
  •  
            2014-cü il aprelin 8-də ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
              Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Аli Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
               Аli Məhkəmənin sədri bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir. Аli Məhkəmənin sədri Beynəlxalq Prokurorlar Assosiasıyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə etmiş, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir.
             Beynəlxalq Prokurorlar Assosiasının Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroş vurğulamışdır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1988-ci ildən Assosiasiyanın üzvlüyünə təşkilati üzv kimi qəbul olunmuşlar. Azərbaycan öz fərdi üzvləri ilə bizə daha çox dəstək verir. Xüsusilə, Azərbaycan Respublikasının Ədliyyə naziri,  Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü Fikrət Məmmədovun bu qurumdakı fəaliyyəti yüksək qiymətləndirilir. Assosiasiyanın VEB saytının yaradılması milyonlarla prokurorun bir-biri ilə asan əlaqə saxlamasına kömək edir.
               Assosiasiyanın Prezidenti Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışdır.
               Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin   əhəmiyyətli görüşə   görə   Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və Avstriya Prokurorlar Assosiasiyasının Prezidenti Gerhard Yaroşa təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.
     
     

<<  Geri qayıt