Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsində 2008-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir
  •  
    2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsində 2008-ci ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir.
     
    Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, görüşün əsas məqsədi Ali Məhkəmənin 2008-ci ildə fəaliyyəti haqqında dolğun təsəvvür yaratmaqdan, bu barədə ictimaiyyətə daha geniş məlumat verməkdən, ədalət mühakiməsinə inamı artırmaqdan ibarətdir.
     
    Ali Məhkəmənin sədri qeyd etmişdir ki, 2008-ci il Ali Məhkəmənin fəaliyyətində bir sıra məqamları ilə yadda qalacaq. 2008-ci ilin may ayında Ali Məhkəmənin yaradılmasının 85 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilmişdir. Həmin ilin noyabr ayında Azərbaycan Ədliyyəsinin yaradılmasının 90 illik yubileyi, ədliyyə və məhkəmə işçilərinin peşə bayramı təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə Ali Məhkəmənin bir qrup hakiminə və işçisinə fəxri adların, orden və medalların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2008-ci il tarixdə imzaladığı sərəncamları Ali Məhkəmənin hər bir üzvü tərəfindən məhkəmə işçilərinə göstərilən diqqət və qayğının yeni təzahürü kimi minnətdarlıq hissi ilə qarşılanmışdır.
     
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə bütün sahələri əhatə edən islahatlar uğurla davam etdirilir. Bu islahatlar məhkəmə-hüquq sahəsində də aparılır. Məqsədyönlü məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşmışdır. Əvvəlki illərlə müqayisədə 2008-ci il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir.
     
    Ali Məhkəmənin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası istisna olmaqla digər kollegiyalarında 2008-ci ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.
     
    İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 7,1 faiz azalma müşahidə olunduğu halda, mülki işlər üzrə məhkəmə kollegiyasında 22,8 faiz, cinayət işləri üzrə məhkəmə kollegiyasında 17,5 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 9 faiz artma olmuşdur. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 19 faiz artmışdır.
     
    Əgər 2007-ci ildə Ali Məhkəmədə cəmi 3 min 639 işə baxılmışdırsa, 2008-ci ildə 4 min 333 işə baxılmışdır. Bu da 2007-ci ildə baxılmış işlərlə müqayisədə 694 (19 faiz) iş çoxdur.
     
    Ali Məhkəmənin Plenumunun 2007-ci ildə olduğu kimi 2008-ci ildə də 6 iclası keçirilmişdir. 2007-ci ildə Plenum iclaslarında konkret işlər üzrə 26 qərar, 2008-ci ildə isə 41 qərar çıxarılmışdır.
     
    2008-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.
     
    Ali Məhkəməyə edilən müraciətlərdə artma müşahidə olunmuşdur. 2007-ci ildə Ali Məhkəməyə 18 min 663 müraciət edilmişdirsə, 2008-ci ildə 22 min 320 müraciət edilmişdir ki, bu da 3 min 657 (19,5 faiz) müraciət çoxdur. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 2,6 faiz azalmışdır. 2008-ci ildə 2007-ci illə müqayisədə respublika apellyasiya məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının Ali Məhkəmənin kollegiyalarında baxılmış işlərin ümumi sayına görə ləğvi 2,5 faiz azalmışdır.
     
    Bütün bunlar aşağı instansiya məhkəmələrinin əvvəlki illərə nisbətən çıxardıqları qərarlarda qanunvericiliyin daha düzgün tətbiq edilməsi və iş prinsipinin sabitliyi sayəsində mümkün olmuşdur.
     
    Görüşdə Ali Məhkəmənin sədri mətbuat və kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallara ətraflı cavab vermişdir.

<<  Geri qayıt