Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  •  
    2009-cu il mayın 26-da Azərbaycan Respublikası Ali Məhkəməsində Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkışın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
     
    Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanla Türkiyə arasında qədim tarixi ənənələrə malik əlaqələrin mövcud olduğunu, bu əlaqələrin ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirmişdir.
     
    Ali Məhkəmənin sədri həmçinin son illər respublikamızda məhkəmə hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, Türkiyə Respublikası Ali Hərbi Məhkəməsi sədrinin Azərbaycana səfəri hər iki ölkənin məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
     
    Türkiyə Respublikası Ali Hərbi Məhkəməsinin sədri Ahmet Alkış Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuşdur. Binanın yüksək memarlıq üslubunda inşa olunduğunu bildirən Ali Hərbi Məhkəmənin sədri muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır. Qonaq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
     
    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə görə, həmçinin əhəmiyyətli görüşə görə Türkiyənin Ali Hərbi Məhkəməsinin sədrinə və nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

<<  Geri qayıt