Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Almaniyada səfərdə olmuşdur
  • Ali Məhkəmənin sədri Ramiz Rzayev iyunun 9-10-da Berlində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir-əməkdaşlığın imkanları” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Almaniya, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan ədliyyə orqanlarının rəhbərlərinin, Ali Məhkəmələrinin sədrlərinin, parlamentlərinin və ombudsman institutlarının 200-ə yaxın nümayəndəsinin təmsil olunduğu tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Milli Məclisin, Ombudsmanın, Vəkillər kollegiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
     
     Tədbiri Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi və Avropa İttifaqının nümayəndəsi açaraq Avropa qonşuluq siyasəti, Şərq tərəfdaşlığı proqramı və Qafqaz təşəbbüsü çərçivəsində qanunun aliliyinin və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini və müdafiə etdiklərini bidirmişlər.
     
    Azərbaycanın Ədliyyə naziri konfransda çıxış edərək məhkəmə hüquq sisteminin müasirləşdirilməsindən, bu sahədə beynəlxalq təşkilatlar və xarici dövlətlərlə, xüsusilə Almaniya ilə həyata keçirilən uğurlu əməkdaşlıqdan danışmışdır.
     
    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri müzakirə və disskusiyalarda iştirak edərək, məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı suallara cavab vermişdir. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.

<<  Geri qayıt