Azərbaycan Respublikası Ali Məhkəməsi

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya Königsmann ilə görüş
  • 2009-cu il iyulun 9-da Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və “Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya Königsmann Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
     
    Görüşdə Ali Məhkəmənin sədri Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə Ali Məhkəmənin səmərəli əməkdaşlıq əlaqələrindən, bir sıra mühüm layihələrin uğurla həyata keçirilməsindən, birgə tədris tədbirlərindən, hüquqşünas kadrların müasir hüquq ədəbiyyatı ilə təmin edilməsi üzrə görülən işlərdən danışmışdır. Alman mütəxəssislərinin milli qanunvericiliyin təkmilləşdirilməsində iştirakını xüsusi qeyd etmişdir.
     
    Ali Məhkəmənin sədri həmçinin Azərbaycanın məhkəmə sistemi barədə qonaqlara ətraflı məlumat vermişdir.
     
    Məhkəmə hüquq sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan qonaqlar məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyini söyləmişlər. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin proqram rəhbəri inzibati işlərə baxan hakimlər üçün seminarların təşkil olunmasını təklif etmişdir.
     
    Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.
     
    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə qonaqlara minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt