Azərbaycan Respublikası Ali Məhkəməsi

Moldova Respublikasının Ədliyyə naziri Aleksandr Tenasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
  • 2009-cu il noyabrın 17-də  Azərbaycan  Respublikası Ali Məhkəməsində ölkəmizdə səfərdə olan  Moldova Respublikasının Ədliyyə naziri Aleksandr Tenasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
     Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə  məhkəmə-hüquq sahəsində  əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini bildirmişdir. Ali Məhkəmənin sədri həmçinin  son illər  respublikamızda  məhkəmə-hüquq sisteminin  təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində  həyata  keçirilən tədbirlərdən, eləcə də  Ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
     Azərbaycanın MDB ölkələri ilə  işgüzar əlaqələrinin  inkişaf səviyyəsindən razılığını ifadə edən Ali Məhkəmənin sədri əmin  olduğunu bildirmişdir ki, Moldova Ədliyyə nazirinin Azərbaycana səfəri  ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
     Moldovanın Ədliyyə naziri Aleksandr Tenase iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. 
     Moldovalı qonaqlar Ali Məhkəmənin  yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş,  məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.
     Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına  xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Moldovanın Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə   minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt