Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Nazirlər Komitəsinin “AQO” Monitorinq qrupu Ali Məhkəmənin sədri ilə görüşmüşlər
  • 2009-cu il noyabrın 24-də ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “AQO” Monitorinq qrupunun nümayəndələri Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
     
    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa  Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
     
    Monitorinq qrupunun sədri, Ruminiyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyan Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işlərdən razı qaldığını bildirərək vurğulamışdır ki, Azərbaycan bu sahədə yeni bir təcrübəyə malik olmağa başlamışdır. Burada həyata keçirilən tədbirlər – hakim vəzifəsinə seçim prosedurlarının Avropa standartlarına uyğunluğu, seminarlarda, treyninqlərdə, təlimlərdə beynəlxalq ekspertlərin iştirakı, müasir elektron texnologiyasının tətbiqi beynəlxalq müşahidəçilər, həmçinin bizim tərəfimizdən izlənilir və yüksək qiymətləndirilir.
     
    Ali Məhkəmənin sədri monitorinq qrupunun üzvlərini maraqlandıran suallara ətraflı cavablar vermişdir.
     
    Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası ilə tanış olan monitorinq qrupunun üzvləri bu tanışlığın onlarda xoş təəssürat yaratdığını bildirmişlər. Qeyd etmişlər ki, Ali Məhkəmənin binası beynəlxalq hüquq tədbirlərinin keçirilməsi üçün münasib bir yerdir. Monitorinq qrupunun üzvləri məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.
     
    Görüşün sonunda Ali Məhkəmənin sədri əhəmiyyətli görüşə və faydalı fikir mübadiləsinə görə Avropa Şurası Nazirlər Komitəsinin “AQO” monitorinq qrupunun üzvlərinə təşəkkürünü bildirmişdir.

<<  Geri qayıt