Azərbaycan Respublikası Ali Məhkəməsi

Dünya Bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  • 2010-cu il yanvarın 26-da ölkəmizdə səfərdə olan Dünya Bankının Məhkəmə Sisteminin müasirləşdirilməsi layihəsi üzrə Tapşırıq Qrupunun rəhbəri Deyvid Bernşteyn və həmin layihənin məhkəmə binaları üzrə məsləhətçisi Cerald Taker Ali Məhkəmənin sədri Ramiz Rzeyavlə görüşmüşlər.

    Ali Məhkəmənin sədri müasir informasiya texnologiyalarının tətbiqindən, xüsusilə, Ali Məhkəmədə  elektron kargüzarlıq və sənəd dövriyyəsi,  proseslərin idarəetmə  sisteminin tətbiqindən və proseslər barədə məlumatların elektron informasiya köşkü vasitəsi ilə alınmasının əhəmiyyətindən danışmışdır. Mütərəqqi informasiya texnologiyalarının Ali Məhkəmədə tətbiq olumnasının  zəruriliyini qeyd edən Ali Məhkəmənin sədri bildirmişdir ki, indi əsas məsələ istifadəçilərdə müasir informasiya texnologiyalarından yararlanmaq bacarığını və vərdişlərini  yaratmaqdır.

    Ali Məhkəmənin İnformasiya texnologiyaları şöbəsinin müdiri Mehman İbrahim informasiya texnologiyalarının tətbiqi zamanı qarşıya çıxan problemlərdən söz açmışdır. 

    Məhkəmə sisteminin müasirləşdirilməsi layihəsi üzrə Tapşırıq Qrupunun rəhbəri Deyvid Bernşteyn Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını bildirmişdir. O, vurğulamışdır ki, layihə çərçivəsində məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı  sənədlərin və baxılacaq  işlərin idarə olunmasında daha təkmil elektron sistemin yaradılmasını  nəzərdə tutan yeni layihə  hazırlanacaqdır.

    Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti, məhkəmə tarixi muzeyi və elektron kitabxana ilə tanış olmuşlar.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət və qayğı göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Dünya Bankının Məhkəmə sisteminin müasirləşdilirməsi layihəsi üzrə Tapşırıq Qrupunun rəhbəri Deyvid Bernşteynə və həmin layihənin məhkəmə binaları üzrə məsləhətçisi Cerald Takerə minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.

<<  Geri qayıt