Azərbaycan Respublikası Ali Məhkəməsi

Norveç Krallığınin Ədliyyə və Polis İşləri üzrə naziri Ali Məhkəmənin Sədri ilə görüşmüşdür
  • 2010-cu il fevralın 8-də  ölkəmizdə səfərdə olan Norveç Krallığının Ədliyyə və Polis İşləri üzrə naziri Knut Storbergetin  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, hakimlərin seçki proseduru, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Ali Məhkəmənin sədri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının öyrənilməsindən və tətbiqindən, Avropa Birliyinin  üzvü olan  ölkələrlə, həmçinin Norveç Krallığı ilə məhkəmə hüquq sahəsində  əməkdaşlığın genişləndirilməsinə  xüsusi önəm  verildiyindən  danışmış,  nazirliyin nümayəndə heyəti ilə ötən ilin noyabr ayında olan görüşünü xatırlatmışdır. 

    Norveç Krallığının Ədliyyə və Polis İşləri üzrə naziri  Knut Storberget  Azərbaycanda məhkəmələrin müstəqilliyi, səlahiyyətləri ilə əlaqədar yaradılan şəraitlə, məhkəmə sisteminin müasirləşdirilməsi  istiqamətində  həyata keçirilən  tədbirlərlə maraqlanmış, qarşılıqlı əlaqələrin davam etdiriləcəyini vurğulamışdır.

    Norveçli qonaqlar  Ali məhkəmənin yüksək  statusuna  uyğun yeni  inzibati binasını gəzmiş,  məhkəmə tarixi muzeyinə baxmış,  hakimlərin iş şəraiti ilə tanış olmuşlar. Bu tanışlıqdan  məmnun qaldıqlarını bildirmişlər. 

    Görüşün sonunda  Ali Məhkəmənin sədri  Azərbaycanın  məhkəmə  orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə görə Norveç Krallığının  Ədliyyə və Polis İşləri üzrə  naziri Knut Storbergetə  və  nümayəndə  heyətinin  üzvlərinə təşəkkürünü bildirmiş və işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt