Azərbaycan Respublikası Ali Məhkəməsi

Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlərarası qrupun nümayəndələri ilə görüş
  • 2010-cu il aprelin 27-də Ali Məhkəmədə ölkəmizdə səfərdə olan Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlərarası qrupun (GREGO)  nümayəndələri  Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və birinci instansiya məhkəməsinin hakimləri   ilə  görüşmüşlər.  Görüşdə beynəlxalq hüquq normalarının və dövlətlər tərəfindən  qəbul edilmiş beynəlxalq müqavilələrin, xüsusilə korrupsiya ilə mübarizə haqqında Avropa Konvensiyasının milli məhkəmə icraatında tətbiqi məsələləri  müzakirə olunmuşdur.

    Ali Məhkəmənin hərbi işlər üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifov qonaqları salamlayaraq bildirmişdir ki, Azərbaycanda  Avropa kontinental məhkəmə sistemi tətbiq olunur.  Beynəlxalq hüquqi aktlar, xüsusən də  “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları  Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. 

    Avropa Şurası Korrupsiyaya qarşı mübarizə üzrə dövlətlər qrupu katibliyinin  nümayəndəsi Maykl Yansen, İtaliya Respublikası Ədliyyə Nazirliyinin cinayət ədalət mühafizəsi üzrə  baş direktorluğunun hakimi Fabrizio Qandini, Ukrayna Ədliyyə Nazirliyində  Antikorrupsiya siyasəti üzrə bölmənin rəhbəri Alyona Smirnova Azərbaycanda  məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı  görülən işlərdən razı qaldıqlarını bildirərək vurğulamışlar ki, Azərbaycan bu sahədə yeni bir təcrübəyə malik olmağa başlamışdır. Beynəlxalq məhkəmələrin presedent hüququnun  məhkəmə qərarlarına təsiri  yüksək qiymətləndirilmişdir. 

    Ali Məhkəmənin hakimləri- Tapdıq Mahmudov, İlham Cəfərov, Əli Seyfəliyev, Apellyasiya Məhkəməsinin hakimləri-Rizvan Səfərov, Qail Məmmədov, Abid Abdinbəyov  qonaqları maraqlandıran suallara   cavablar vermişlər. 

    Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası ilə tanış olan  qonaqlar bu tanışlığın onlarda  xoş təəssürat yaratdığını bildirmişlər. Qonaqlar məhkəmə tarixi  muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.


<<  Geri qayıt