Azərbaycan Respublikası Ali Məhkəməsi

Dünya Bankının nümayəndələri Ali Məhkəmədə olmuşlar
  • 2010-cu il iyulun 13-də ölkəmizdə səfərdə olan Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker və  məsləhətçisi Kler  Qreer Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

    Ali Məhkəmənin sədri müasir informasiya texnologiyaları sahəsində Ali Məhkəmədə həyata keçirilən tədbirlərdən danışmışdır. Elektron kargüzarlığın, sənəd dövriyyəsinin və məlumatların elektron informasiya köşkü vasitəsilə alınmasının əhəmiyyətini qeyd edən Ali Məhkəmənin sədri elektron kitabxana yaradılmasının zəruriliyini bildirmişdir. 

    Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus  Deker Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını qeyd etmişdir. O, vurğulamışdır ki,  layihə  çərçivəsində məhkəmə sistemində müasir  informasiya texnologiyalarının tətbiqi ilə bağlı sənədlərin və baxılacaq işlərin  idarə olunmasında daha  təkmil elektron sistemin yaradılmasını nəzərdə tutan yeni layihə hazırlanacaqdır.

    Qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binasını gəzmiş,  hakimlərin iş şəraiti, məhkəmə  tarixi muzeyi və kitabxana ilə tanış olmuşlar.  

    Görüşün sonunda Ali Məhkəmənin sədri  Azərbaycanın məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət və qayğı göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə  Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Dekerə  və məsləhətçisi Kler Qreerə  minnətdarlığını bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır. 
     


<<  Geri qayıt