Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən kursda çıxış etmişdir
  • Bakı, 25 avqust (AzərTAc). Avqustun 25-də Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar işini Ali Məhkəmənin (AM) inzibati binasında davam etdirmişdir. 
    AzərTAc xəbər verir ki, tədbirdə “Seçki hüquqlarının məhkəmə müdafiəsi” mövzusunda məruzə ilə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev parlament seçkilərinin həyata keçirilməsində qanunvericiliyin tətbiqi ilə bağlı məsələlərə toxunmuşdur. Bildirilmişdir ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, vətəndaşların, dövlət və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Seçkilərin demokratik, azad keçirilməsi, ölkədə ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki şəraitinin yaradılmasından asılıdır. Seçkilərin ədalətli və şəffaf keçirilməsi cəmiyyətdə demokratik mühitin yüksək olmasından xəbər verir. Bununla əlaqədar ölkəmizdə mühüm tədbirlər görülür. Hazırda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər də bu qəbildəndir. 
    R.Rzayev vurğulamışdır ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün əsaslı baza mövcuddur. Seçkilərin qanunvericiliyə uyğun təşkili üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilmişdir. Seçkilərdə qabaqcıl dünya standartlarının tətbiq edilməsi məqsədi ilə Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunmuşdur ki, MSK və ya seçicilər hər hansı bir qanun pozuntusu ilə bağlı məhkəməyə müraciət edə bilərlər. 
    Kursda, həmçinin MSK sədrinin müavini Şaitdin Əliyev, Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev və başqaları çıxış etmişlər.


<<  Geri qayıt