Azərbaycan Respublikası Ali Məhkəməsi

Milli Məclisə Seçkilərlə əlaqədar Ali Məhkəmədə Venesiya Komissiyasi ilə birlikdə Beynəlxalq Konfrans keçirilmişdir
  • Bakı, 25 sentyabr (AzərTAc). Milli Məclisə seçkilərlə əlaqədar sentyabrın 25-də Ali Məhkəmədə Venesiya Komissiyası ilə birlikdə beynəlxalq konfrans keçirilmişdir. 
    Konfransı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev Venesiya Komissiyasının nümayəndələrini salamlamış və bildirmişdir ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə, eyni zamanda, vətəndaşların dövlətin və ictimai həyatın idarə olunmasında kütləvi iştirak formalarından biridir. Seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavillərin tələbinə, Avropa standartlarına uyğun aparılması dövlətimizin əsas məqsədlərindən biridir. 
    R.Rzayev vurğulamışdır ki, respublikamızda seçki öncəsi mühit kifayət qədər demokratikliyi ilə səciyyələnir. Parlament seçkilərinin qanunvericiliyə uyğun şəkildə aparılması üçün Azərbaycan hakimiyyəti tərəfindən lazımi tədbirlər görülür. Atılan bütün addımlar seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, seçki mühitinin demokratikliyinə xidmət edir. 
    Azərbaycan Respublikası Prezidenti Administrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək konfransın Avropa Şurasının Azərbaycanda noyabr ayında keçiriləcək parlament seçkilərinə dəstəklə bağlı Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil edildiyini bildirmişdir. Qeyd etmişdir ki, Fəaliyyət Planı Azərbaycan dövlət qurumlarının Avropa Şurası ilə əməkdaşlığı nəticəsində hazırlanmışdır və seçkilərə dair bütün sahələri əhatə edir. Fəaliyyət Planına uyğun olaraq Venesiya Komissiyası ilə birlikdə Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası, Milli Televiziya və Radio Şurası tərəfindən artıq bir çox seminarlar, treninqlər keçirilmişdir. Bu tədbirlər Azərbaycan dövlətinin seçki praktikasını təkmilləşdirmək, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli şəkildə həyata keçirmək əzmində olduğunu təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasi islahatların cəmiyyətin təkamülünə təsirini daha da artırır. 

    Venesiya Komissiyasının katibi Tomas Markert Venesiya Komissiyasının fəaliyyəti barədə fikirlərini bölüşmüşdür. O, vurğulamışdır ki, Venesiya Komissiyası öz fəaliyyətində üç baza prinsipini əsas götürür: demokratiya, insan hüquqları və qanunun aliliyi. Bu prinsiplərə əməl edilməsi istənilən seçkinin uğuru olar, həm də seçkilərə dair şikayətlərə baxılması prosedurlarının daha da təkmilləşməsinə və seçkilərin yüksək səviyyədə keçirilməsinə zəmin yaradar. Venesiya Komissiyasının katibi konfransda müzakirə olunan məsələlərin seçki mübahisələrinə dair işlərə baxan hakimlərin bilik və təcrübəsinin zənginləşməsinə, Azərbaycanda seçki sisteminin Avropa standartlarına uyğun olaraq daha da təkmilləşməsinə kömək edəcəyini bildirmişdir. 
    Konfransda Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri, Venesiya Komissiyasının üzvü Yevgeni Tançev “Seçkilərə dair şikayətlərə baxılması prosedurları sahəsində Avropa standartları: Avropa İttifaqının təcrübəsi”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev “Seçkilərə dair şikayətlərə baxılması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ”, Venesiya Komissiyasının eksperti Serhiy Kalçenko “MDB ölkələrində seçkilərə dair şikayətlərə baxılması sahəsində ortaya çıxan məsələlər”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyev “Seçkilərə dair şikayətlərə baxılmasında məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi” mövzularında məruzələrlə çıxış etmişlər. 
    Məruzələr ətrafında müzakirələr olmuş, fikir mübadiləsi aparılmışdır. Venesiya Komissiyasında Azərbaycanın nümayəndəsi Lətif Hüseynov konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. 
    Sonda Ali Məhkəmənin sədri Milli Məclisə seçkilərlə əlaqədar Venesiya Komissiyası ilə birlikdə keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulamış, seçkilərin yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etmiş, qonaqlara təşəkkürünü bildirmişdir.


<<  Geri qayıt