Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı
  •  
              Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Eynulla Fətullayevin işi ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixdə qüvvəyə minmiş 22 aprel 2010-cu il tarixli qərarı əsasında Azərbaycan Repsublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 11 noyabr 2010-cu il tarixdə məhkumun haqqında iki iş üzrə  qəbul edilmiş qərarlar barəsində dərc edilən məqalələrdə və onun müdafiəçisi vəkil E.Sadıqovun verdiyi müsahibələrdə bilə-bilə yanlış, ictimaiyyətdə düzgün olmayan təsəvvür yaratmağa yönəldilən məlumatlar öz əksini tapmışdır. Bir sıra qəzetlərdə dərc olunmuş yazılarda Plenumun E.Fətullayevin barəsində qəbul etdiyi 11 noyabr 2010-cu il tarixli qərarla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının müddətlərinin guya artırılması, bununla da məhkumun vəziyyətinin ağırlaşdırılıması, digər tərəfdən isə Avropa Məhkəməsinin qərarına əməl olunmayaraq onun əsassız olaraq həbsdə saxlanılması göstərilmişdir.
              Azərbaycan Respubliksının Ali Məhkəməsi ilk növbədə bildirir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, həm kassasiya instansiyası məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun hər hansı bir məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırlıması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Ali Məhkəmə və onun Plenumu baxdığı bütün işlər üzrə qanunun aliliyi prinsipini rəhbər tutaraq bu tələblərə daim əməl edir, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanuni, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olur.  
              E.Fətullayevin barəsində Plenum tərəfindən qəbul edilmiş 11 noyabr 2010-cu il tarixli qərarlarla bağlı qeyd edilməlidir ki, birinci qərarla məhkumun haqqında xüsusi ittiham qaydasında iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə həmin işin icraatına xitam verilmişdir. Eyni tarixli ikinci qərarla E.Fətullayevin barəsindəki kassasiya kollegiyasının qərarı yalnız iki ittiham üzrə (Azərbaycan Respublikası CM-nin 214.1 və 283.2.2-ci maddələri ilə) hissəvi ləğv edilmiş və bu hissələrdə cinayət işinin icraatına xitam verilmişdir. Həmin iş üzrə E.Fətullayev həmçinin vergidən yayınma cinayətini törətdiyinə görə də 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu cinayəti o, Yasamal rayon məhkəməsinin 26 sentyabr 2006-cı il tarixli hökmü ilə (həmin hökmlə E.Fətullayevə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir) tətbiq olunmuş şərti məhkum etmə dövründə törətdiyinə görə, Plenum hökmlərin məcmusu qaydasında cəzaların təyin edilməsini tənzimləyən cinayət qanunu normalarına əsaslanaraq (CM-nin 67.1-ci maddəsi) məhkumun haqqında birinci hökmlə və sonuncu hökmlə təyin edilmiş cəzaları qismən birləşdirməklə onun üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Bu cəzanı tam çəkdiyini, habelə xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini nəzərə alaraq Plenum baxılmış işlər üzrə E.Fətullayevin həbsdən azad edilməsini qərara almışdır.
              Göründüyü kimi, E.Fətullayevin barəsindəki cinayət işi üzrə Plenumun qəbul etdiyi 11 noyabr 2010-cu il tarixli qərar Avropa Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarında müəyyən edilmiş tələblərə tam uyğun olmuş və həmin qərarla məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılmamış, əksinə qəti cəzanın müddəti azaldılmış, bununla da məhkumun vəziyyəti yüngülləşdirilmişdir.
              Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən E.Fətullayevin barəsində qəbul edilmiş qərarlar Avropa Şurası Nazirlər Komitəsinin 03 dekabr 2010-cu il tarixli iclasında müzakirə olunmuş və həmin qərarlardan Komitənin məmnun qalması haqqında qərar qəbul edilmişdir.
              E.Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədar olmuş və həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müzakirə predmeti olmamışdır.                  
          

<<  Geri qayıt