Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu öndərin xatirəsi Ali Məhkəmədə yad edilmişdir
  • Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin 12 dekabr xatirə gününə həsr olunmuş tədbir keçirilmişdir.
     
    Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev ulu öndər Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ümummilli liderin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
     
    1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.
     
    Ümummilli liderimiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş və onu inkişaf etdirmişdir.
    Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
    Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, onun  “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” sözlərinin fəaliyyət devizləri olduğunu,  irsinin daim yaşayacağını bildirmişlər.

<<  Geri qayıt