Azərbaycan Respublikası Ali Məhkəməsi

Ana Maria Rubio Encinas və Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə xanım Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər
  • 2011-ci il fevralın 15-də ATƏT-in Bakı Ofisinin dəvəti ilə  ölkəmizdə səfərdə olan məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinas və ATƏT-in  Bakı Ofisinin qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə xanım Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşlər.  
    Xanım Ana Maria Rubio Encinas bildirmişdir ki, o, İspaniya vətəndaşıdır, hazırda Kadiz şəhərində Cinayətlərə Dair  Apellyasiya Məhkəməsində  Qadınları qarşı  Zorakılıq halları üzrə  İxtisaslaşmış Palatada  hakim kimi fəaliyyət göstərir. İspaniya 2004-cü ildə məişət zorakılığına dair Qanunvericiliyi qəbul etdikdən sonra 20 il təcrübəsi olan bir hakim kimi bu qanunvericiliyin tətbiqi ilə bilavasitə məşğuldur.  Həmçinin, 2009-cu ildən  etibarən, o, yeni  implementasiya  vasitələrinin hazırlanması sahəsində İspaniya hökumətinin  müşaviri qismində çıxış edir. Xanım Rubio Encinas məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini dəstəklədiklərini vurğulamışdır.
    Görüşdə Ali Məhkəmənin Cinayət və Mülki kollegiyalarının sədrləri məişət zorakılığı ilə bağlı Ali Məhkəmədə baxılan işlər barədə  qonağa məlumat vermişlər. Qeyd olunmuşdur ki, 22 iyun 2010-cu ildə  qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə  xüsusi əhəmiyyət verilir.  Bununla əlaqədar  Ali Məhkəmədə 70 işə baxılmışdır. 
    Xanım Rubio Encinas məişət zorakılığına qarşı mübarizənin Azərbaycan kontekstinə uyğun tətbiqi mexanizmlərinə dair  tövsiyyələrini hazırladıqdan sonra bunları  məsləhətləşmələrdə iştirak etmiş bütün qurumlara rəy almaq məqsədilə  göndərəcəklərini bildirmişdir. 
    Görüşdə  məişət zorakılığına qarşı mübarizədə  Azərbaycana dəstək olduqlarına və xüsusi diqqət göstərdiklərinə görə məişət zorakılığı  məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinasa və ATƏT-in Bakı Ofisinə  təşəkkür ifadə olunmuş, gələcək  fəaliyyətlərində  uğurlar arzulanmışdır. 


<<  Geri qayıt