Azərbaycan Respublikası Ali Məhkəməsi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Proqram rəhbəri Zeno Reyxenbexerin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür
  • 2011-ci il fevralın 22-də ölkəmizdə səfərdə olan Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Proqram rəhbəri Zeno  Reyxenbexerin  başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri  Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas  azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılmışdır. 
    Görüşdə  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin yeni rəhbəri Tomas  Melserin  təqdimatı olmuşdur. 
    Almaniyalı qonaqlar Ali Məhkəmənin yüksək statusuna uyğun  binasını gəzmiş,  konfrans zalı və hakimlərin  iş şəraiti ilə tanış olmuşlar.  Qeyd  edilmişdir ki, Ali Məhkəmənin binası  beynəlxalq hüquq tədbirlərinin keçirilməsi üçün münasib bir yerdir. Proqram rəhbəri Zeno Reyxenbexer tərəfindən burada inzibati  kollegiyanın hakimləri üçün 2011-ci ilin ikinci yarısında beynəlxalq konfransın keçirilməsi təklif edilmişdir. 
    Görüşün sonunda Ali Məhkəmənin sədri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Proqram rəhbərinə, “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin yeni rəhbərinə və üzvlərinə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycandakı nümayəndəsinə Azərbaycanın  məhkəmə sisteminə xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə  görə təşəkkür etmiş və gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt