Azərbaycan Respublikası Ali Məhkəməsi

Xorvatiya Respublikasi Ali məhkəməsi sədrinin Azərbaycana işgüzar səfəri
  • Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko  Xrvatinin  rəhbərlik etdiyi nümayəndə heyəti  2011-ci il fevralın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  Ramiz Rzayevin dəvəti ilə  Azərbaycana işgüzar səfərə gəlmişdir.

    Xorvatiya Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri Xiyabana gələrək ümummillli lider Heydər Əliyevin məzarını ziyarət etdilər. Ulu öndərin xatirəsini  ehtiramla anaraq  abidəsi önünə əklil qoydular. 

    Xorvatiyalı  qonaqlar Şəhidlər Xiyabanını  ziyarət etdilər. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda  canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi,  onların məzarları üstünə gül-çiçək düzüldü.  Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular. 

    Həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsində Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Xrvatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

    Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Xorvatiya Respublikası Ali Məhkəməsi sədrinin  başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş,  hər iki xalqın vahid ideya birliyi və  həmrəyliyi ilə bağlı  fikirlərini bölüşmüşdür. Bu görüşün qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük imkanlar açdığını ifadə etmşdir. Ali Məhkəmənin sədri Azərbaycanla Xorvatiyanın məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yaranmasının  uğurla inkişaf  edərək nəinki ikitərəfli, eyni zamanda  beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulamışdır.

    Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin  yeni strukturunda və fəaliyyətində  öz əksini tapması barədə  qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri  qeyd etmişdir ki,  hazırda Ali Məhkəmədə  beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan hüquqları məhkəməsinin  presedent hüququ öyrənilir.  Məhkəmə prosesində  ən yeni  informasiya texnologiyalarından istifadə olunur. Hakim vəzifəsinə seçim prosedurları  Avropa standartlarına uyğunlaşdırılmışdır.

    Ali Məhkəmənin sədri  Xorvatiya Respublikası Ali Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana  səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın  daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

    Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Xrvatin Xorvatiyada  Ali Məhkəmənin  fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük  əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

    Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və  məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 

    Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Xrvatinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin yeni inzibati binasını gəzmiş və hakimlərin iş şəraiti ilə tanış olmuşdur.

    Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Xrvati  məhkəmə tarixi muzeyinə baxmış və xatirə kitabında ürək sözlərini yazmışdır.

    Xorvatiya Respublikası Ali Məhkəməsinin sədri Branko Xrvatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.


<<  Geri qayıt