Azərbaycan Respublikası Ali Məhkəməsi

“Amnesty International” qeyri-hökumət təşkilatinin nümayəndələri Ali məhkəmədə olmuşlar
  • 2011-ci il martın 15-də  ölkəmizdə səfərdə  olan  “Amnesty İnternational” qeyri-hökumət təşkilatının direktor müavini  Con Dalyusendən, tədqiqatçı Natalia Nozadzedən və  əməkdaşı Mark Takerdən ibarət nümayəndə heyəti Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovla  görüşmüşdür. 
    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Kollegiya sədri ölkəmizdə insan hüquqları, xüsusilə  sərbəst ifadə və toplaşma azadlıqları ilə bağlı vəziyyəti nəzərə çatdırmışdır. Kollegiya  sədri qeyd etmişdir ki, Azərbaycanda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  müddəaları, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin  presedent  hüququ öyrənilir və  onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin  Azərbaycanla bağlı  qəbul etdiyi qərarlara baxılır və icra olunur. 
    Azərbaycan və  “Amnesty İnternational” qeyri-hökumət təşkilatı arasında əməkdaşlıq münasibətlərinə toxunan Ali Məhkəmənin Kollegiya sədri məhkəmə-hüquq sahəsində  əlaqələrin  inkişaf etdirilməsi və  bu münasibətlərin daha da  genişləndirilməsi üçün real imkanların olduğunu vurğulamışdır.
    Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
    Görüşün sonunda Kollegiya sədri Azərbaycanın məhkəmə orqanlarına  xüsusi maraq və diqqət  göstərdiklərinə, həmçinin  əhəmiyyətli görüşə görə “Amnesty İnternational” qeyri-hökumət təşkilatını təmsil edən nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş və işlərində uğurlar arzulamışdır.
    Görüşdə Ali Məhkəmənin  Aparatının rəhbəri Əlirza Kərimov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Rzayeva və Mətbuat katibi Allahverdi Məmmədli iştirak etmişlər.  


<<  Geri qayıt