Azərbaycan Respublikası Ali Məhkəməsi

Mərakeşin Ədliyyə nazirinin başçiliq etdiyi nümayəndə heyəti Ali məhkəmədə olmuşdur
  • 2011-ci il martın 18-də  ölkəmizdə səfərdə olan Mərakeşin Ədliyyə naziri Məhəmməd Nəsirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.
    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa məlumat vermişdir.
    Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır.
    Azərbaycanın Mərakeş Krallığı ilə  işgüzar əlaqələrinin yaranmasından  razılıq ifadə edən Ali Məhkəmənin sədri əmin olunduğunu bildirmişdir ki, Mərakeşin Ədliyyə nazirinin Azərbaycana səfəri  ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın  inkişafına xidmət edəcəkdir. 
     Mərakeş Kralliğının məhkəmə sistemi haqqında ətraflı danışan Ədliyyə naziri Məhəmməd Nəsiri iki ölkə arasında  qarşılıqlı əməkdaşlığın  böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. 
    Görüşdə qarşılıqlı maraq doğuran  məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
    Mərakeşli qonaqlar Ali Məhkəmənin  inzibati  binası ilə  tanış olmuşlar. Məhkəmə tarixi muzeyinə baxan Mərakeşin Ədliyyə naziri xatirə kitabına ürək sözlərini yazmışdır.
    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın  məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə  Mərakeşin Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt