Azərbaycan Respublikası Ali Məhkəməsi

Litva Respublikasının Baş Prokuroru Darius Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius ilə görüş
  • 2011-ci il aprelin 27-də  ölkəmizdə səfərdə olan  Litva Respublikasının Baş Prokuroru Darius  Valis və Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru  Zimantas  Paseviçius Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.

    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri  qeyd etmişdir ki, Azərbaycanda  Avropa kontinental məhkəmə  sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də  “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları,  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni  informasiya texnologiyalarından istifadə olunur.

    Ali Məhkəmənin sədri Azərbaycanla Litvanın bir sıra sahələrdə olduğu kimi, prokurorluq orqanları və məhkəmə hüquq sistemləri arasında da işgüzar əlaqələrinnin  yarandığından  məmnunluğunu ifadə etmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı  mübarizə idarəsi ilə  Litva Respublikası Xüsusi İstintaq Xidməti arasında  əməkdaşlıq haqqında  sazişin  və əməkdaşlıq proqramının imzalanmasının hər iki ölkənin  hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da genişlənəcəyinə və inkişafına xidmət edəcəyini bildirmişdir.

    Litva Respublikasının Baş Prokuroru Darius  Valis öz ölkəsində  prokurorluq və məhkəmə sisteminin  fəaliyyət dairəsi barədə  məlumat vermiş, Azərbaycan və Litva arasında yaranan  əməkdaşlıqdan  razı qaldığını vurğulamışdır. 

    Litvalı qonaqlar  Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar.  Məhkəmə tarixi muzeyinə baxan  Litvanın Baş Prokuroru Darius  Valis Xatirə kitabına ürək sözlərini yazmışdır.

    Görüşün sonunda  Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə Litva Respublikasının Baş Prokuroruna və  Xüsusi İstintaq  Xidmətinin baş direktoruna təşəkkürünü  bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt