Azərbaycan Respublikası Ali Məhkəməsi

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmədə olmuşdur
  • 2011-ci il mayın 23-də  ölkəmizdə səfərdə olan Beynəlxalq   Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri  qeyd etmişdir ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Ölkəmizdə   Avropa kontinental məhkəmə  sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də  “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları,  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni  informasiya texnologiyalarından istifadə olunur.

    Ali Məhkəmənin sədri bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar  sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir. Azərbaycan torpaqlarının 20 faizinin  Ermənistan tərəfindən işğal olunması  hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir.  Ali Məhkəmənin sədri Beynəlxalq Prokurorlar Assosiasıyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı  mübarizə idarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə etmiş, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir. 

    Beynəlxalq Prokurorlar Assosiasınin Prezidenti Ceyms Hamilton vurğulamışdır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 1988-ci ildən Assosiasiyanın üzvlüyünə təşkilati üzv kimi qəbul olunmuşlar. Azərbaycan öz fərdi üzvləri ilə bizə daha çox dəstək verir. Assosiasiyanın VEB saytının yaradılması milyonlarla prokurorun bir-biri ilə asan əlaqə saxlamasına kömək edir.
                                  
    Assosiasiyanın Prezidenti Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışdır. 

    Görüşün sonunda  Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə Beynəlxalq   Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamiltona təşəkkürünü  bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt