Azərbaycan Respublikası Ali Məhkəməsi

Bakıda inzibati hüquqa həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2011-ci il iyunun 8-də Ali Məhkəmədə “Vətəndaş və dövlət – Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

               
     Azərbaycanın, Almaniya, Gürcüstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın, Ukraynanın, yerli və xarici qeyri-hökumət təşkilatlarının, ATƏT və Avropa Şurası nümayəndələrinin qatıldığı beynəlxalq konfransın işində 80 nəfər nümayəndə  iştirak etmişdir.  
             
    Beynəlxalq konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək” regional proqramının rəhbəri Zeno Rayxenbexer, ATƏT-in Bakı Ofisinin nümayəndəsi xanım Nataşa Rasic iştirakçıları Bakıda salamlamaqdan məmnunluq duyduqlarını ifadə etmiş və konfransın işinə uğurlar arzulamışlar. 

    Konfransda Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi barədə qısa filmlərin  təqdimatlarından sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsi arasında məhkəmə tərəfdaşlığının qurulmasına dair Bəyannamə imzalanmışdır. 
                 
    Birinci sessiyada Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberqer Azərbaycanda inzibati hüququn yaradılması ilə bağlı həyata keçirmiş məsləhətləşmələrə baxışla bağlı məruzə etmiş,  fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür. 

    İnzibati məhkəmələrin fəaliyyətinə müqayisəli baxışla ılaqədar  ikinci sessiyada Gürcüstan Ali Məhkəməsinin sədri Dr. Konstantin Kublaşvili, Ukrayna Ali İnzibati Məhkəməsinin sədri Aleksandr Pasenyuk  məruzələr etmiş, təhlillər aparmışlar.  
    Üçüncü sessiyada Azərbaycan Respublikasında inzibati məhkəmələrə və inzibati orqanlara müxtəlif mövqeləri özündə əks etdirən məruzələr dinlənilmişdir.               
                   
    Məruzələr ətrafında müzakirələr olmuş, fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.   

    Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev inzibati hüquq sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətli olduğunu vurğulamış və qonaqlara təşəkkürünü bildirmişdir. 


<<  Geri qayıt