Azərbaycan Respublikası Ali Məhkəməsi

Hakimlərin geniş iclası keçirilmişdir
  • Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərlə birgə müzakirələrin əhəmiyyəti nəzərə alınaraq bu günlərdə respublikanın bütün rayon, şəhər və apellyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilmişdir.

    250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd etmiş, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını bildirmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan haqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran mühüm vəzifələri vurğulamışdır.

    Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələbləri, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi vəziyyəti və mövcud problemlər müzakirə edilmişdir. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsi və mülkiyyət əleyhinə olan cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və hakimi Fərhad Kərimovun geniş məruzələri dinlənilmiş, yol verilən nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılmışdır.

    Həmçinin iclasda, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş idarəsinin rəis müavini Sübhi Kazımov məhkəmə monitorinqlərinin nəticələri barədə məlumat verilmiş, məhkəmə fəaliyyətində mövcud olan problemlər, o cümlədən bəzi hakimlər tərəfindən çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmaması, Etik Davranış Kodeksinin tələblərinə lazımi diqqət yetirilməməsi, süründürməçilik və digər neqativ hallara yol verilməsi diqqətə çatdırılmış, belə halların aradan qaldırılması üçün qəti tədbirlər vurğulanmışdır.

    Müşavirədə Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev «Apellyasiya icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsində aşkar olunan problem və nöqsanlar», Ədliyyə Nazirliyinin İnsan hüquqları idarəsinin rəis müavini Adil Əbilov «Avropa Məhkəməsinin islahatı: İnterlaken və İzmir Bəyannamələrindən irəli gələn vəzifələr» mövzularında məruzələrlə çıxışlar etmişlər.

    İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı geniş müzakirələr keçirilmiş, müvafiq təkliflər irəli sürülmüşdür.


<<  Geri qayıt