Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə dairə seçki komissiyalarının sədrlərinə seçki hüquqlarının məhkəmə müdafiəsi və mübahisələrin məhkəmədə həlli qaydaları barədə ətraflı məlumat verilmişdir
  • Sentyabrın 7-də Ali Məhkəmədə Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların dinləyiciləri ilə görüş olmuşdur. 

    Ali Məhkəmənin sədri Ramiz Rzayev “Seçki hüquqlarının məhkəmə müdafiəsi. Mübahisələrin məhkəmə aidiyyəti və onların həlli qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.

    R.Rzayev demişdir ki, demokratiya sahəsində böyük inkişaf yolu keçmiş dövlətlərin təcrübəsi göstərir ki, sabit vətəndaş cəmiyyətinin, müstəqil dövlətin mütərəqqi inkişafı ilk növbədə demokratik seçkilərdən keçir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş Azərbaycanda xalqın öz seçki hüquqlarından azad şəkildə istifadə etməsi, şəffaf və ədalətli seçkilərin keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur. 

    Ölkədə hüquqi dövlət quruculuğu sahəsində ilk mühüm addım ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə hazırlanaraq, ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. 

    Ali Məhkəmənin sədri bildirmişdir ki, son illər Azərbaycan cəmiyyətində azad və ədalətli seçkilərin keçirilməsinə xidmət edən təkmil qanunvericilik bazası yaradılmışdır. Prezident İlham Əliyevin son illər Seçki Məcəlləsinin və seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticə etibarı ilə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir. 

    Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər sənədin daha da təkmilləşməsinə, 2008-ci ildə prezident, 2009-cu ildə bələdiyyə, 2010-cu ildə isə parlament seçkilərinin tam azad, demokratik, ədalətli və şəffaf keçirilməsini təmin etmişdir. 

    Avropa Şurası Venesiya Komissiyasının yekun qiymətləndirilməsinə əsasən bir daha qətiyyətlə demək olar ki, Azərbaycanda hazırda qüvvədə olan Seçki Məcəlləsi beynəlxalq standartlara uyğun seçkilər keçirməyə imkan verir. İnamla demək olar ki, qarşıdan gələn bələdiyyə seçkiləri də müvəffəqiyyətlə keçiriləcəkdir. 

    Sonra Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Nigar Rəsulbəyova, Azər Hüseynov, Səadət Bektaşi və Şahmurad Hidayev çıxış etmişlər. 

    Çıxışlarda, seçkilər zamanı dairə seçki komissiyalarında namizədin qeydə alınmasına, qeydə alınmadan imtina barədə verilmiş qərarların əsaslandırmasına, seçki ilə bağlı şikayətlərə baxılmasına, ekspert qruplarının rəylərinin hazırlanmasına, nümayəndələrin seçilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır. 

    Sonda Ramiz Rzayev DSK sədrlərinin suallarını cavablandırmışdır.


<<  Geri qayıt