Azərbaycan Respublikası Ali Məhkəməsi

Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir
  • Tarixin XX əsrdə Azərbaycan xalqına bəxş etdiyi töhfələr içərisində ən önəmliləri 1991-ci il oktyabrın 18-də Respublikamızın öz müstəqilliyini elan etməsi və 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən ölkəmizə rəhbərliyə qayıtması  hadisələridir. Çünki Azərbaycan xalqının taleyi ilə bağlı olan bu iki mühüm hadisə bir-birini tamamlayır və vəhdət təşkil edir.  

    1991-ci il oktyabrın 18-də qəbul olunmuş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Azərbaycan xalqı nəhayət həmişə arzusunda olduğu azadlıq ideallarına qovuşdu. Müstəqilliyin ötən 20 ili ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş, möhtəşəm nailiyyətlər qazanmışdır.
     

    Azərbaycanın müstəqilliyinin bərpasının iyirminci ildönümünün  ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi və sosial hadisə olduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev   Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünün bu ilin oktyabrın 18-də dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması haqqında 21 yanvar 2011-ci il tarixli sərəncam imzalamışdır.

    XX əsrin sonlarına doğru ikinci dəfə öz istiqlalına qovuşmuş Azərbaycan xalqı üçün dövlət  müstəqilliyinin  bərpası tarixi  naliyyətdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın istiqlalını xalqımızın iftixarı və qürur mənbəyi adlandırmışdır.

    Lakin  respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollar hamar olmadı, bu yolda qanlar töküldü, şəhidlər verildi.

    Xüsusilə, müstəqilliyimizin ilk  illəri xalqımız üçün çox çətin  oldu. Həmin  illərdəki  hərc-mərcilik və xalqımızın maraqlarına zidd siyasət dərin siyasi, iqtisadi və sosial böhranla nəticələndi.

    Bir tərəfdən müstəqillik sevincini yaşayan Azərbaycan, digər tərəfdən Ermənistanın Azərbaycana təcavüzi nəticəsində son dərəcə ağrılı problemlər yaşadı və hələ də yaşamaqdadır.

    Ermənistanın Azərbaycana hərbi təcavüzi, ölkə daxilində gedən çəkişmələr  o zaman Vətənimizin nəinki öz müstəqilliyini itirmək, hətta ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdur.

    Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun ayında dünya  miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə təkidlə dəvət edən Azərbaycan xalqı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi fəlakətdən xilas oldu.

    Ümummilli liderimizin dərin  zəkası sayəsində 1993-cü ilin iyunundan  başlayaraq ölkədə aparılan ardıcıl və məqsədyönlü siyasət vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu.

    İlk növbədə Azərbaycanın dövlətçiliyinə  və müstəqilliyinə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin silahlı qüvvələrinin yenidən qurulması ilə bağlı mühüm tədbirlər həyata keçirildi, ölkə iqtisadiyyatının dirçəldilməsinə başlandı. Məqsədli xarici  siyasət nəticəsində erməni silahlı qüvvələrinin hücumları dəf edildi, cəbhədə atəşkəs təmin olundu. Bununla da ölkədə nizami ordunun yaradılması və ölkənin  müdafiə qabliyyətinin  möhkəmləndirilməsi üçün imkan əldə edildi. Dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının  qorunması ilə bağlı  davamlı  demokratik islahatların həyata keçirilməsinə başlandı.

    Lakin müstəqil dövlətçiliyimizin  möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya girdabına salmaq, bundan öz mənfəətləri  naminə istifadə etmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin  oktyabrında  və 1995-ci ilin  martında dövlət çevrilişinə silahlı cəhdlərin  göstərilməsi müstəqil dövlətçiliyimiz üçün  növbəti sınaq mərhələləri oldu. 

    Ulu öndər Heydər Əliyevin  qətiyyəti, xalqın öz liderini fəal şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə son qoyuldu. Bundan sonra ölkədə bütün sahələrdə, o cümlədən hüquq sahəsində islahatların aparılmasına şərait yarandı.

    Inkişaf etmiş sivil dövlətlərin  təcrübəsi göstərir ki, hər bir dövlətin  müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların  aliliyinin  təminatından, məhkəmə  hüquq islahatlarının  həyata keçirilməsi  keyfiyyətindən, ədalət  mühakiməsinin  beynəlxalq tələblərə uyğunlaşdırılmasından çox asılıdır.

    Dünya dövlətlərinin mütərəqqi və qabaqcıl təcrübəsindən istifadə etməklə  hüquqi islahatların aparılmasının vacibliyini vaxtında ön plana çəkildi və bu gün tam məsuliyyətlə demək olar ki, ulu öndərin hakimiyyətdə olduğu illər ərzində bu sahəyə ayırdığı diqqət və qayğı Azərbaycanın müstəqillik dövrünün siyasi-hüquqi konsepsiyasının mənbələrdən biri kimi dəyərləndirilməyə layiqdir.

    Ötən əsrin 90-cı illərində cəmiyyətin `inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılmasını tələb edirdi.

    Respublikamızda həyata keçirilən məhkəmə hüquq islahatlarını şərti olaraq üç mərhələyə bölmək olar.

    Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə ilk Milli Konstitusiyamızın qəbul edilməsi ilə məhkəmə hüquq islahatının birinci mərhələsi başlanmışdır.

    Konstitusiyanın qəbulu  Azərbacanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların aparılmasına zəmin yaratmışdır.

    Konstitusiyada  demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müdəalar öz əksini tapdı. Bu inkişafın əsas  komponenti aşkar, ədalətli səmərəli ədalət mühakiməsinin yaradılması məqsədi ilə olan məhkəmə-hüquq sisteminin islahatıdır.

    Hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə Respublika Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı  ilə hüquqi islahatlar komissiyası yaradılmış, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 01 dekabr 1998-ci il tarixli Fərmanla dövlət başçısı yanında  Məhkəmə-Hüquq Şurası yaradılmışdır.

    Məhkəmə sistemi islahatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyən etmişdir. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və s.

    Ulu öndər yeni Konstitusiyada insan amilini daha çox önə çəkmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarının üçdə birinin  insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin   əyani təzahürüdür.

    Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi  tarixə düşmüş, 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir.. Bu tədbir insan hüquqlarının qorunması sahəsində atılmış mühüm addımlardan biri idi.

     Konstitusiyada həmçinin  insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi, onları gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə  hakimiyyəti orqanlarının  borcu olması təsbit olunmuşdur.

    Ulu öndər Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında”  Fərmanı sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinə təkan vermişdir.

    Həmin ilin iyunun 18-də imzalanmış xüsusi sərəncam isə 22 fevral fərmanının davamı idi. Məhz bu sərəncamla İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı  hazırlanmış və təsdiq olunmuşdur. 
    Müasir dövlət  quruculuğunun   həyata  keçirilməsinin   hüquqi  əsasları yarandıqdan sonra Azərbaycanın  müstəqilliyinin möhkəmləndirilməsi  dönməz xarakter almışdır. Həmin dövrdə məhkəmə-hüquq islahatı ölkənin siyasi və iqtisadi sisteminin  kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan  islahatların həm ilkin şərti, həm də nəticəsi olmuşdur.

    Nəzərə çatdırmaq lazımdır ki, məhkəmə hakimiyyəti, onun hüquqi dövlətdə rolu və yeri ilə bağlı əsas ideyalar Respublikanın  Konstitusiyasına bünövrə kimi qoyulmuş konseptual əsaslardan irəli gəlir. Müstəqil Azərbaycanın Konstitusiyasında ilk dəfə olaraq Məhkəmə Hakimiyyəti anlayışı verilmişdir. Bununla da cəmiyyətdə yaranan bütün hüquq münasibətlərinin  həlli məsələsi məhkəmə orqanlarının səlahiyyətinə aid edilmişdir. Məhkəmə hakimiyyətinə verilmiş yeni səlahiyyətlər nəzərə alınmaqla ölkə tarixində ilk dəfə olaraq Əsas Qanunda hakimlərin  sərbəstliyi və müstəqilliyinin vacib təminatı-onların dəyişməzliyi prinsipləri reallaşmışdır.

    Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi  nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin  möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı  təminatına  xidmət edən,  müasir tələblərə uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və Hakimlər haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan Respublikasının Qanunları, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və sair  Məcəllələr qəbul edilmişdir.

    Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti orqanı Konstitusiya Məhkəməsi   yaradılmışdır.

    Məhkəmələr və hakimlər haqqında Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsi ilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyən etmişdir.

    Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin  həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin  genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni  məhkəmə sistemi yaradılaraq fəaliyyətə  başlamışdır.

    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standatlara müvafiq, test üsulu, habelə yazılı və  şifahi imtahanlarla tam şəffaf şəraitdə seçimi aparılmışdır. Yeni qaydalara uyğun keçirilmiş imtahanların bütün mərhələlərini müşahidə etmiş bir çox təşkilatdan olan beynəlxalq və yerli müşahidəçilər onu ən şəffaf prosedur kimi yüksək dəyərləndirmiş və bir sıra inkişaf etmiş dövlətlərin belə tədbirin keçirilməsini yalnız arzu etdiyini bildirmişlər.

    Həyata keçirilən çox saxəli islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa  Şurasına tam hüquqlu üzv qəbul edilmiş və bu tarixi hadisə Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb olmuşdur.

    Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın qısa müddət ərzində bir çox Avropa  Konvensiyalarına, o cümlədən 15 aprel 2002-ci ildə isə “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişafı istiqamətində yeni mərhələ olmuşdur.

    Bu gün Prezident İlham Əliyevin ölkəmizə  bacarıqla rəhbərlik etməsi, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməsi, onun Azərbaycan  naminə amallarını böyük məharətlə həyata keçirməsi hər birimizin qəlbini ixtisarla döyündürür.

    Ölkə Pezidenti tərəfindən həyata  keçirilən,  əsaslandırılmış məqsədyönlü siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, son 5-6 ildə Azərbaycanda ümum daxili məhsul iki dəfə, ölkə büdcəsi on dəfə artmış, regionların inkişafı sürətlənmiş, milli valyutanın sabitliyi  qorunub saxlanılmış, 2003-cü ildən bəri 1 milyona yaxın iş yeri yaradılmışdır.

    Son illər  cəmiyyətin sürətli inkişafı və ölkəmizin beynəlxalq qurumlara daha sıx inteqrasiyası, Avropa hüquq məkanına daxil olması Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuş və məhkəmə islahatlarının davam etdirilməsini şərtləndirmişdir.

    Məhz bu səbəbdən də məhkəmə sisteminin təkmilləşdirilməsi işi daim diqqət mərkəzində olmuş, məhkəmə-hüquq islahatları mütamadi olaraq davam etdirilərək, yeni mərhələyə keçmiş, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında  keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, 2004-cü ilin dekabr ayından etibarən Məhkəmə-Hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır.

    Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında həyata keçirilməsi, hakimlərin intizam məsuliyyətinin güçləndirilməsi istiqamətində xeyli işlər görülmüş, vakant hakim vəzifəsinə namizədlərin seçilməsi prosesini həyata keçirən yeni qurum- Hakimlərin Seçki Komitəsi yaradılmış, ilk dəfə olaraq hakim vəzifəsinə namizədlər üçün ilkin uzun müddətli tədris kursları təşkil edilmişdir.

    Məhkəmə hüquq islahatlarının məntiqi davamı kimi  “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında”  ölkə Prezidenti cənab İlham Əliyevin  19 yanvar 2006-cı il tarixli fərmanı məhkəmə  sisteminin müasirləşdirilməsi və inkişafında  mühüm əhəmiyyət kəsb edir. Bu Fərmanla məhkəmə islahatlarının üçüncü mərhələsi başlanmışdır. Fərmana əsasən vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrdə süründürməçilik və digər hüquq pozuntuları hallarının aradan qaldırılması, hakimlərin iş yükünün azaldılması, məhkəmələrin yeni informasiya texnologiyaları ilə təmin edilməsinə dair müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçün regionların inkişafı nəzərə alınmaqla Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan şəhərlərində   regional  Apellyasiya və Yerli İqtisad Məhkəmələri, Naxçıvan Muxtar Respublikasında isə Ağır Cinayətlərə dair işlər üzrə məhkəmə təşkil edilmişdir.
    Ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür  şərait yaradılmış, Azərbaycan Respublikasının Məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi   sayı 600 nəfər müəyyən edilmiş, eyni zamanda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək, onun əvəzinə Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəməsi və habelə Yerli İqtisad Məhkəmələrinin bazasında İnzibati İqtisad Məhkəmələr yaradılmış, hakimlərin  maddi təminatı yaxşılaşdırılaraq, onların əmək haqqı əvvəlki illərdən fərqli olaraq  dəfələrlə artırılmış, məhkəmələrin maddi texniki bazası möhkəmləndirilmişdir.

    Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan ölkə Prezidentinin Məhkəmələrin  texniki və maddi təminatının möhkəmləndirilməsi haqqında fərmanına əsasən Bakı şəhərinin mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin yüksək statusuna uyğun möhtəşəm yeni inzibati binası tikilərək istifadəyə verilmişdir. Hazırda respublikamızın bir sıra regionlarında məhkəmələr üçün yeni inzibati binaların inşası davam etdirilir. 
     
    Bütün bunlar məhkəmələrə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi daha səmərəli fəaliyyət göstərməyimizə zəmin yaradır. Mən deyərdim ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, hüquq və azadlıqlarının etibarlı təmin olunması  üçün lazımi şəraitin yaradılması müstəqilliyimizin ən böyük nailiyyətlərindəndir.  

    Azərbaycan  Respublikası İnsan Hüquqlarının  və Əsas Azadlıqlarının Müdafiəsi  haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir.

     Yeri gəlmişkən qeyd edim ki, adı çəkilən Fərmanda digər məsələlərlə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyyə olunmuşdur.

    Fərmanın icrası istiqamətində fəaliyyətimizin əsas prinsipi kimi, biz insan hüquqlarının müdafiəsi sahəsində vahid hüquqi standartların dönmədən gözlənilməsini, İnsan Hüquqlarının  və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərinin yerinə yetirilməsini müəyyən etmişik.

    Konvensiyanın hüquq normalarının və Avropa Məhkəməsinin presedent hüququnun Respublika Məhkəmələri tərəfindən düzgün və bir mənalı şəkildə tətbiqi istiqamətində ən əhəmiyyətli addımlardan biri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli “İnsan Hüquqlarının  və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası normalarının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məhkəmələr tərəfin tətbiq edilməsi haqqında” Qərarı olmuşdur.
    Həmin Qərarda Respublikanın bütün məhkəmələrinə  Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmaqla, İnsan Hüquqlarının  və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası normalarının tətbiq edilməsi tövsiyyə edilmişdir ki, həmin Konvensiyanın müdəalarının pozulmasına yol verilməsin.

    Ali Məhkəmə, Avropa insan hüquqlarının müdafiəsi sisteminin ayrılmaz hissəsi olaraq, insan hüquqlarının müdafiə standartlarının tətbiq edilməsində əsas rolu ifadə edir. O, ölkənin məhkəmə təcrübəsi modelini beynəlxalq standartlara uyğun olaraq tarazlaşdırmaq və insan hüquqları müdafiə mexanizminin təsirliyini təkmilləşdirir. Qeyd edim ki, Ali Məhkəmə Konvensiya müddəalarının tətbiq edilməsi məsələlərində başlıca rol oynayır və aşağı məhkəmələr üçün təcrübə yaratmaq səlahiyyətinə malikdir.

     Məlumdur ki, Ali Məhkəmənin funksiyaları yalnız məhkəmə prosesi ilə məhdudlaşa bilməz; O, dövlətdaxili hüquq sisteminin effektivliyini (təsirliyini) və qanunun aliliyini təmin edən ədalət mühakiməsinin yuxarı məhkəməsidir. Ali Məhkəmə, son instansiya olaraq, milli məhkəmələrdə məhkəmə prosesinin ümumi təcrübəsini müəyyən edir, qanunvericiliyin bütün məhkəmələr tərəfindən ardıcıl olaraq tətbiq edilməsini, hüququn ziddiyyətsizliyini və dürüstlüyünü, habelə qanunun təkmilləşdirilməsini təmin edir. Məhkəmə təcrübəsinin ziddiyyətsizliyi milli məhkəmələr tərəfindən tətbiq edilən hüquqi müddəaların interpretasiyasının (şərh edilməsinin) gözlənilən olmasına, habelə məhkəmə qərarlarının ardıcıllığına və proqnozlaşdırılmasının mümkünlüyünə təminat verir.

    Ali Məhkəmə dövlətdaxili səviyyədə insan hüquqları və əsas azadlıqlarının müdafiəsində başlıca rol oynamaqla, ölkədə məhkəmə təcrübəsini vahid şəkilə salır.

     Ali Məhkəmə qərarlar qəbul edərkən, Avropa Məhkəməsinin qərarlarını nəzərə alaraq, Avropa Konvensiyasının normalarını tətbiq edir, bununla da Konvensiyanın müddəalarının pozulmasının qarşısı alınır.

    Son illər Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ali Məhkəmənin strukturu yeniləşdirilmiş, məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, aparatda  yeni texnologiyalar tətbiq edilmiş, Aparatın yeni struktutunun fəaliyyəti gücləndirilmişdir.

    Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli  “Naxçıvan Muxtar Respublikasında Hüquq İnistitutlarının inkişafı haqqında” fərmanının icrası məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili üçün metodik köməklik göstərilmişdir.

    Danılmaz faktdır ki, müstəqil hakimlərsiz İnsan Hüquqlarının səmərəli müdafiəsi mümkün deyildir. Hakimlərin müstəqilliyi olmadan hüquqi dövlət mümkün deyil və əksinə dövlətlərin tarixi təcrübəsi göstərir ki, hüquqi dövlətsiz  real, möhkəm hakimlik müstəqilliyi də ola bilməz.

    Dövlətin Avropa Məhkəməsinin yurisdiksiyasını tanımasından  ilk növbədə  Azərbaycan vətəndaşları faydalanmaqdadır. Artıq vətəndaşlar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə çıxış əldə etmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri çox önəmlidir.
    Ədalət mühakiməsinin həyata keçirilməsi səviyyəsi elə qurulmalıdır ki, məhkəmə cəmiyyətin  şüurunda dövlət iradəsinin ifadəsi kimi məcburiyyət və güc orqanı deyil, cəmiyyət  üzvlərinin maraqlarını ifadə edən, vətəndaşların qanun icraçılarının özbaşınalığından müdafiəsini təmin etməyə tam cavab verə bilən orqan kimi qəbul olunsun.

    Xüsusi olaraq qeyd etmək istəyirəm ki, məhkəmə hakimiyyətinə inamın yaranmasının bir cəhəti də məhkəmə proseslərinin aşkarlığı təşkil edir. İctimaiyyətdə Ali Məhkəmənin fəaliyyəti haqqında şəffaf və dolğun məlumatların olmasını təmin etmək məqsədi ilə internet səhifələrində daim yeniləşdirilən saytımız yerləşdirilmişdir. Həmin sayıtda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş qərarlar və digər məlumatlar verilir.

    Kütləvi informasiya vasitələri nümayəndələrinin məhkəmə ilə bilavasitə ünsiyyət saxlaması imkanlarının artırılması və ya bizdə baxılan işlər haqqında operativ məlumatın əldə edilməsi üçün Ali Məhkəmədə ictimai əsaslarla mülki və cinayət işləri üzrə hakim-spikerlər fəaliyyət göstərirlər. 

    2006-cı ildən  Ali Məhkəmədə hər il kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirilir, görüşün iştirakçılarına Ali Məhkəmənin tərkibi, struktutu, səlahiyyəti və fəaliyyəti,  həmin vaxt yaradılmış yeni məhkəmələr və s. haqqında geniş məlumatı özündə əks etdirən kitabçalar paylanır. 

    Vurğulamağı lazım bilirəm ki, ədalət mühakiməsinin aparıcıları olan hakimlər tərəfindən qəbul edilmiş bütün qərarlar ədalətli olmalıdır. Ədalətsiz qərar insanların taleyinə təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyətə məruz qalırlar. Eyni zamanda  cinayət törətmiş insanlar da məsuliyyətdən yayınmamalıdırlar. Hər bir cinayətin müvafiq cəzası olmalıdır. Bununla bərabər, günahsız insanlar heç vaxt ədalətsiz qərarların qurbanları olmamalıdırlar. Bu, məhkəmə sisteminin əsas prinsipləridir.  Fəaliyyətimiz həmin prinsiplərin daim yerinə yetirilməsinə istiqamətləndirilir.

    Respublikamızda həyata keçirilən hüquqi islahatlar ardıcıl bir prosesdir. Əminliklə demək olar ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hüquq sisteminin  müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri                   Ramiz Rzayev

<<  Geri qayıt