Azərbaycan Respublikası Ali Məhkəməsi

Yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir
  • Oktyabrın 4-də Ali Məhkəmədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

     Ali Məhkəmənin sədri Ramiz Rzayev tədbiri açaraq müstəqillik tarixinə nəzər salmış, ötən iyirmi ildə əldə olunmuş uğurlardan danışmışdır.

    Bildirilmişdir ki, tarixin XX əsrdə Azərbaycan xalqına bəxş etdiyi töhfələr içərisində ən önəmliləri 1991-ci il oktyabrın 18-də respublikamızın müstəqilliyini elan etməsi və 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən ölkəmizə rəhbərliyə qayıtması hadisələridir. Çünki Azərbaycan xalqının taleyi ilə bağlı olan bu iki mühüm hadisə bir-birini tamamlayır və vəhdət təşkil edir.

    Müstəqilliyin ötən 20 ili ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş, möhtəşəm nailiyyətlər qazanmışdır. Lakin respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollar hamar olmamış, bu yolda qanlar tökülmüş, şəhidlər vermişik. Xüsusilə, müstəqilliyimizin ilk illəri xalqımız bir sıra çətinliklərlə üzləşmişdir. Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun ayında dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı respublikamızı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi fəlakətdən xilas etmişdir.

    Ümummilli liderimizin dərin zəkası sayəsində, ilk növbədə Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edilmiş, ölkənin silahlı qüvvələrinin yenidən qurulması ilə bağlı mühüm tədbirlər həyata keçirilmiş, ölkə iqtisadiyyatının dirçəldilməsinə başlanmışdır. Dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanmışdır.

    Müasir dövlət quruculuğunun həyata keçirilməsinin hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi dönməz xarakter almışdır. Həmin dövrdə məhkəmə-hüquq islahatı ölkənin siyasi və iqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də nəticəsi olmuşdur. Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və Hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında” qanunlar, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və sair məcəllələr qəbul edilmişdir.

    “Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyən etmişdir.

    Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.

    Son illər cəmiyyətin sürətli inkişafı və ölkəmizin beynəlxalq qurumlara daha sıx inteqrasiyası, Avropa hüquq məkanına daxil olması Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuş və məhkəmə islahatlarının davam etdirilməsini şərtləndirmişdir. Məhz bu səbəbdən də məhkəmə sisteminin təkmilləşdirilməsi işi daim diqqət mərkəzində olmuş, məhkəmə-hüquq islahatları mütəmadi olaraq davam etdirilərək, yeni mərhələyə keçmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, 2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanmışdır.

    Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Prezidentinin məhkəmələrin texniki və maddi təminatının möhkəmləndirilməsi haqqında Fərmanına əsasən Bakı şəhərinin mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin yüksək statusuna uyğun möhtəşəm yeni inzibati binası tikilərək istifadəyə verilmişdir. Hazırda respublikamızın bir sıra regionlarında məhkəmələr üçün yeni inzibati binaların inşası davam etdirilir.

    Ali Məhkəmə Avropa insan hüquqlarının müdafiəsi sisteminin ayrılmaz hissəsi olaraq, insan hüquqlarının müdafiə standartlarının tətbiq edilməsində əsas rolu ifadə edir.

    Ali Məhkəmə qərarlar qəbul edərkən, Avropa Məhkəməsinin qərarlarını nəzərə alaraq, Avropa Konvensiyasının normalarını tətbiq edir, bununla da Konvensiyanın müddəalarının pozulmasının qarşısı alınır.

    R.Rzayev bildirmişdir ki, respublikamızda həyata keçirilən hüquqi islahatlar ardıcıl bir prosesdir. Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.

    Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər xüsusi vurğulamışlar ki, əldə edilən uğurlara məhz dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət nəticəsində nail olunmuşdur. 


<<  Geri qayıt