Azərbaycan Respublikası Ali Məhkəməsi

ABŞ səfirliyinin hüquq müşaviri Ali Məhkəmədə olmuşdur
  •  2011-ci il oktyabrın 14-də ABŞ-ın Azərbaycandakı səfirliyinin Ədliyyə Departamentinin yeni Rezident Hüquq müşaviri Erik Piterson Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür. 

    Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən Ali Məhkəmənin sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyaları tətbiq olunur.

     Ali Məhkəmənin sədri Azərbaycanla zəngin hüquq ənənələrinə malik Amerika Birləşmiş Ştatlarının məhkəmə hüquq sistemləri arasında  işgüzar əlaqələrinin yaranmasından məmnunluğunu ifadə etmiş, bu əməkdaşlığın faydalı nəticələr verəcəyini vurğulamışdır. 

    Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin Ədliyyə Departamentinin yeni Rezident Hüquq müşaviri Erik Piterson Korrupsiyaya, insan alverinə, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı birgə mübarizənin genişləndirilməsi, həmçinin məhkəmələrin müstəqilliyinin və hakimlərin bacarıqlarının gücləndirilməsi sahəsində əməkdaşlıq imkanlarından danışmışdır.  Bunun üçün müxtəlif təlimlərin və seminarların keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

    ABŞ səfirliyinin hüquq müşaviri Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmışdır.

    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə, həmçinin əhəmiyyətli görüşə görə ABŞ-ın Azərbaycandakı səfirliyinin Ədliyyə Departamentinin yeni Rezident Hüquq müşaviri Erik Pitersona təşəkkürünü bildirmişdir.

<<  Geri qayıt