Azərbaycan Respublikası Ali Məhkəməsi

Türkiyənin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali məhkəmədə olmuşdur
  • 2011-ci il noyabrın 2-də  ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Görüşdə Ali Məhkəmənin sədri Türkiyənin Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Ali Məhkəmənin sədri Azərbaycanla qardaş Türkiyənin məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini vurğulamışdır. 

    Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının mqddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə öyrənilir. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur. 

    Ali Məhkəmənin sədri Azərbaycanla zəngin hüquq ənənələrinə malik qardaş Türkiyənin məhkəmə - hüquq sistemləri arasında işgüzar əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə etmiş, bu səfərin hər iki ölkənin ədliyyə və məhkəmə sistemləri arasında əməkdaşlığının daha da inkişafına xidmət edəcəyini vurğulamışdır. 

    Türkiyə Respublikasının Ədliyyə naziri Sadullah Ergin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə xoş arzularını bildirmiş, bu günlərdə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı ölkəsinin təbrikini çatdırmışdır.      Ədliyyə naziri 
    Türkiyədə Ədliyyə nazirliyinin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Türkiyəli nazir qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək. 

    Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 

    Türkiyəli qonaqlar Ali Məhkəmənin  inzibati  binası ilə  tanış olmuş, Məhkəmə tarixi muzeyinə baxmışlar.
    Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın  məhkəmə orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə, həmçinin əhəmiyyətli görüşə görə  Türkiyənin Ədliyyə nazirinə və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.


<<  Geri qayıt