Azərbaycan Respublikası Ali Məhkəməsi

Almaniyalı hakimlərin iştirakı ilə seminarlar keçirilmişdir
  • 2011-ci il noyabrın 25-də Azərbaycan Respublikası Ali Məhkəməsi və Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsi arasında məhkəmə tərəfdaşlığının qurulmasına dair imzalanmış Bəyannamənin icrası və Azərbaycanda “İnzibati icraat haqqında” Qanunun və İnzibati  Prosessual  Məcəllənin tətbiqi ilə bağlı təşkil olunan seminarlarda iştirak etmək üçün ölkəmizdə səfərdə olan  Almaniyanın Baden- Vürttemberq Torpağının Ali İnzibatı Məhkəməsinin sədri Folker Ellenberqerin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşdür.

    Ali Məhkəmənin sədri almaniyalı hakimləri Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə etmiş, respublikamızda    inzibati məhkəmələrin yaradılmasının vacib olduğunu  və ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirmişdir. Ali Məhkəmənin sədri inzibati məhkəmələrin  yaradılmasından ötən dövr ərzində fəaliyyətləri barədə almaniyalı hakimlərə məlumat vermişdir. Bu sahədə Azərbaycan hakimlərinin Almaniyanın zəngin təcrübəsindən bəhrələndiklərini  vurğulamışdır.
     
    Almaniyanın Baden- Vüttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri  Folker Ellenberqer   Robert  Bosş fondunun maliyyə dəstəyi ilə keçirilən  bu seminarların  imzalanmış Bəyannamənin icrası, həmçinin “İnzibati icraat haqqında” Qanunun və İnzibati  Prosessual  Məcəllənin tətbiqi ilə əlaqədar qarşıya çıxan problemlərin aradan qaldırılmasına  xidmət etdiyini  qeyd etmişdir. Almaniyalı  qonaq  anoloji seminarların Ali Məhkəmənin İnzibati İqtisad Kollegiyasının, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinin İnzibati İqtisad Kollegiyalarının, İnzibati  İqtisad  məhkəmələrinin, habelə  Gəncə, Şəki, Şirvan Apellyasiya Məhkəmələri hakimlərinin iştirakı ilə keçirildiyini bildirmişdir. 

    Görüşün sonunda Ali Məhkəmənin sədri  Azərbaycanın  məhkəmə  orqanlarına  göstərdikləri xüsusi dəstəyə görə  Robert Bosş fonduna və almaniyalı hakimlərə təşəkkürünü bildirmiş,  gələcək  fəaliyyətlərində  uğurlar arzulamışdır.


<<  Geri qayıt