Azərbaycan Respublikası Ali Məhkəməsi

Dr. Lotar Jahn və Şalva Papiaşvili Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər
  • 2011-ci il dekabrın 13-də ölkəmizdə səfərdə olan Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Baş Ofisinin Planlaşdırma və İnkişaf şöbəsinin nümayəndəsi Dr. Lotar Jahn və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Tiflisdə layihə rəhbəri Şalva Papiaşvili  Ali Məhkəmənin sədri  Ramiz Rzayevlə görüşmüşlər.

    Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə məhkəmə hüquq sahəsində əməkdaşlığının genişləndiyini, bunun nümunələrindən biri olaraq 2011-ci il aprelin 4-də və 5-də Tiflis şəhərində hakimlər üçün keçirilən və Azərbaycan hakimlərinin geniş şəkildə iştirak etdikləri beynəlxalq konfransda qəbul edilən birgə tövsiyyələrdən olan Banqalor prinsiplərinin şərhinin qısa müddətdə Azərbaycan dilinə tərcümə edilməsini və onun paylanmasını diqqətə çatdırmışdır. Ali Məhkəmənin sədri bildirmişdir ki, Banqalor prinsipləri hər bir ölkədə hakimlərin vahid davranış qaydalarının təmin olunmasını nəzərdə tutur. Bu, qlobal baxımdan hakimlərin ədalət mühakiməsini düzgün həyata keçirmələrinə kömək edir.
     
    Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Baş Ofisinin Planlaşdırma və İnkişaf şöbəsinin nümayəndəsi Dr. Lotar Jahn Azərbaycanın özünü hüquqi dövlət elan etməsini və burada inzibati məhkəmələrin fəaliyyətə başlamasını   müsbət hal kimi qiymətləndirmiş, sovet dönəmində bunun mümkün olmadığını bildirmişdir. 

    Görüşdə Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti ilə Azərbaycan məhkəmə-hüquq  sisteminin gələcək birgə fəaliyyətinin imkanları müzakirə olunmuşdur. 

    Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyi ilə tanış olmuşlar. 


<<  Geri qayıt