Azərbaycan Respublikası Ali Məhkəməsi

Hakimlərin davranışı məsələlərinə həsr olunmuş beynəlxalq konfransın işi başa çatmışdır
  • Son illər ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılmış islahatların nəticəsi olaraq tamamilə yeni və bütün beynəlxalq tələblərə cavab verən məhkəmə sistemi yaradılmışdır. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında müsbət dəyərləndirilərək digər ölkələr üçün nümunə kimi göstərilmişdir.

    Dekabrın 14-də Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) təşəbbüsü ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində hakimlərin fərdi və peşə davranışları məsələlərinə həsr olunmuş "Səriştəlilik, Müstəqillik, Qərəzsizlik, Şəffaflıq, Səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə keçirilir.

    Konfransın məqsədi Azərbaycanda aparılmış mütərəqqi məhkəm-hüquq islahatlarının əhəmiyyətinin müzakirəsi, BMT tərəfindən qəbul edilən "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nin hüquq ictimaiyyətinə tanıdılması, ölkəmizdə hakimlərin davranış qaydalarını tənzimləyən cari Kodeksin adı çəkilən Prinsiplərin prizmasından təkmiləşdirilməsi perspektivlərinin müəyyən edilməsi və bu sahədə milli və beynəlxalq təcrübənin bölüşülməsindən ibarətdir.

    Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyəti barədə danışmış, hakimlərin öz fəaliyyətlərində Banqalor Prinsiplərindən yararlana bilmələrini qeyd etmişdir.

    Tədbirin iştirakçıları arasında Birləşmiş Krallıqdan olan BMT-nin Ədalətli Məhkəmə Hakimiyyəti üzrə Hakimlər Qrupunun koordinatoru, Professor Nihal Cayavikramanın, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stavanın, Türkiyə Ali Məhkəməsinin hakimi Sami Sezai Uralın çıxışlan maraqla qarşılanmış, Azərbaycanlı hakimlərin maraq doğuran sualları ekspertlər tərəfindən ətraflı cavablandırılmışdır.

    Professor Nihal Cayavikrama öz çıxışında konfrans iştirakçılarına Banqalor Prinsiplərinin hazırlanması tarixi, bu sənədin hansı zərurətdən ortaya çıxması barədə məlumat vermişdir. Natiq Azərbaycan dövlətinin və hüquq ictimaiyyətinin Prinsiplərə belə həssaslıqla yanaşılmasını təqdirəlayiq hal hesab etmiş və regionda ilk dəfə AHİM tərəfindən özünün müəlliflərindən biri olduğu "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nin Kommentariyasının tərcüməsini mühüm hadisə hesab etmişdir.

    Tədbirdə həmçinin Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyin Yıldırım, Gürcüstan Ali Məhkəməsinin sədr müavini Vasil Roinişvili, Almaniyanm Azərbaycandakı səfiri Herbert Kvelle, bir sıra dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Ümumilikdə tədbirdə xarici və yerli iştirakçılar da daxil olmaqla 100-ə yaxın hüquqşünas iştirak edirdi.

    Konfransda Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərovun "Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və ümumi qəbul olunmuş dəyərlər", Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin "AR Konsitusiyası prizmasından müstəqil və qərəzsiz hakim idealı", Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) sədri Anar Bağırovun "Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinə vəkil baxışı" və digər natiqlərin tədbirlə bağlı müxtəlif mövzularda çıxışları ətrafında müzakirələr aparılmışdır.


<<  Geri qayıt