Azərbaycan Respublikası Ali Məhkəməsi

AŞPA-nın Monitorinq Komitəsinin həmsədrləri Azərbaycanda Avropa kontinental məhkəmə sisteminin tətbiqindən razıdırlar
  • 2012-ci il yanvarın 31-də ölkəmizdə səfərdə olan    Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsinin katibi xanım Aqnieska Naçilio Ali Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən, Ali Məhkəmənin  Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova ilə görüşmüşlər.

    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin yeni strukturu və fəaliyyəti barədə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinə məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda Avropa kontinental  məhkəmə sistemi tətbiq olunur. Azərbaycanın məhkəmə sisteminin Avropa məhkəmə sisteminə inteqrasiyası istiqamətində mühüm addımlar atılır. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nin yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür.  

    Monitorinq Komitəsinin həmməruzəçiləri məhkəmə-hüquq sahəsində ölkəmizdə həyata keçirilən işləri, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən  öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tədbirləri   yüksək qiymətləndirmiş, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə hüquqi yardım göstəməyə hazır olduqlarını vurğulamışlar.

    Görüşdə qeyri hökumət təşkilatlarının qeydiyyatı, siyasi məhbus məsələsi və alternativ hərbi xidmətlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 
     
    Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara ətraflı cavablar verilmişdir.  

    Görüşün sonunda Mülki Kollegiyanın sədri Şəlalə Məmmədova faydalı fikir mübadiləsinə görə Monitorinq Komitəsinin həmməruzəçilərinə təşəkkürünü bildirmişdir. 


<<  Geri qayıt