Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmədə hakimlər Vergilər Nazirliyinin əməkdaşları ilə “dəyirmi masa”da görüşdülər
  • 2011-ci il aprelin 27-də Ali Məhkəmədə hüquqi və fiziki şəxslərin vergi hesablamaları və ödəmələrinin vergitutma bazasının təkmilləşdirilməsi ilə bağlı “dəyimi masa”  keçirilmişdir.     Görüşdə Ali Məhkəmənin İnzibati – İqtisad  Kollegiyasının, Bakı və Sumqayıt Apellyasiya Məhkəmələrinin İnzibati-İqtisad Kollegiyalarının, Şəki, Şirvan Apellyasiya Məhkəmələrinin, İnzibati-İqtisad Məhkəmələrinin hakimləri və Vergilər Nazirliyi vergi xidmətinin  məsul əməkdaşları   iştirak etmişlər. 

    Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyasının sədri Hikmət Mirzəyev  görüşün əhəmiyyətini vurğuluyaraq bildirmişdir ki, Azərbaycan müasir standartlara cavab verən vergi qanunvericiliyi bazasına malikdir və bu qanunvericilik bazası ölkənin iqtisadi inkişafına  uğurla xidmət edir. Bu sahədə xalqın və dövlətin iqtisadi maraqlarının qorunmasına kömək etmək  hər bir vətəndaşın ümdə vəzifəsidir. 

    Vergilər nazirinin birinci  müavini , 3-ci dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov  öz çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində hüquqi şəxslərin  mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılmış, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilmişdir ki, bu da investisiya yatırılmasını şərtləndirən əsas amilllərdəndir. Natiq Əmirov belə görüşlərin qanunvericiliyin tətbiqi ilə əlaqədar qarşıya çıxan problemlərin aradan qaldırılmasına kömək etdiyini bildirmişdir.

    Çıxış edənlər diqqəti  hüquqi  və fiziki  şəxslərin vergi hesablamaları və ödəmələri ilə bağlı məhkəmə baxışlarına yönəltmişlər. Bununla əlaqədar geniş təhlillər aparılmışdır.   Hakimlər  “dəyirmi masa” iştirakçılarını maraqlandıran suallara cavab vermiş, ölkədə həyata keçirilən vergi siyasəti barədə fikir və təkliflərini bildirmişlər. 


<<  Geri qayıt