Azərbaycan Respublikası Ali Məhkəməsi

Hakim Şahmurad Hidayev təqaüdə yola salınmışdır
  • 2012-ci il mayın 1-ində  Ali Məhkəmədə  hakim  Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və   təqaüdə yola salınması ilə bağlı  mərasim  keçirilmişdir.

    Mərasimi giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd etmişdir ki, hakim Şahmurad Hidayevin bu gün 70 yaşı tamam olur. Şahmurad Hidayevin ömür yolu  məsuliyyətli və şərəfli  olmuşdur. O, 39 ildir ki, hakim adını ləyaqətlə daşıyır. Şahmurad Hidayev həm sovet dönəmində, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyət göstərmişdir. Onun əməyi həmişə təqdirəlayiq hesab edilmiş və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 2008-ci ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adina layiq görülmüşdür. Şahmurad Hidayevin ədalətli hakim obrazı gənc hakimlər üçün örnəkdir. Biz bu gün həm sevinirik, həm də təəssüf hissi keçiririk. Sevinirik, ona görə ki, Şahmurad müəllimin 70 illik yubileyini qeyd edirik.Təəssüflənirik, ona görə ki,  Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq onu təqaüdə yola salırıq. Ali Məhkəmənin sədri ədalət mühakiməsini uzun müddət yüksək səviyyədə həyata keçirdiyinə görə Şahmurad Hidayevə təşəkkür etmiş, ona mənalı istirahət arzulamışdır. 

    Ali Məhkəmənin İnzibati-İqtisad Kollegiyasının sədri Hikmət Mirzəyev  Şahmurad Hidayevin  birgə çalışdıqları kollegiyada fəaliyyətindən, həyat yoldaşı, ata, baba kimi şəxsi keyfiyyətlərindən – sədaqətindən, səmimiyyətindən, mehribanlığından danışmışdır. Kollegiya üzvləri adından yubileyi münasibəti ilə təbrik edərək  ona xatirə hədiyyəsi  təqdim etmişdir. 

    Mərasimdə Ali Məhkəmənin hakimləri – Əsəd Mirzəliyev, Bağır Əsədov və İlqar Dadaşov çıxış edərək yubileyarı təbrik etmiş, ona xoş arzularını bildirmişlər. 

    Sonda təqaüdə yola salınan yubileyar  Şahmurad Hidayev  gənc hakimlərə məsləhət və tövsiyyələrini vermiş, əməyinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətə və Ali Məhkəmənin kollektivinə minnətdarlığını  bildirmişdir. 


<<  Geri qayıt