Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
  • Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

    AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

             1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ardıcıl surətdə aparılan məhkəmə islahatının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizmində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsi, cinayət və mülki mühakimədə demokratik prinsiplərin həyata keçirilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi və sair məsələlərin konseptual həlli olmuşdur.

              Məhkəmə islahatının ilkin mərhələsində atılmış mühüm addımlar nəticəsində müvafiq qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılmış, yeni üçpilləli məhkəmə sistemi təsis edilmiş və ölkənin tarixində ilk dəfə olaraq test üsulu ilə yeni hakimlər təyin edilmişdir. Qanunvericilikdə məhkəmə hakimiyyəti müstəqilliyinin və hakimlərin statusunun əsasları, habelə hüquqi dövlətə xas olan ədalət mühakiməsinin prinsipləri müəyyən edilmiş, məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmış, hakimlərin maddi və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. 

             Lakin cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bununla əlaqədar məhkəmə islahatı davam etdirilərək yeni mərhələyə keçmiş, son iki ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermişdir. 

             Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabr ayında “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” Qanuna hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyən edilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini nəzərdə tutan əsaslı dəyişikliklər edilmişdir. Bu normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə həyata keçirilmiş tədbirlər nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - Məhkəmə-Hüquq Şurası təşkil edilmiş, ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanmışdır. 

            Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli nəzərdə tutulur. Məhkəmə sistemini müasirləşdirmək və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Azərbaycan Respublikasında aşağıdakı yeni məhkəmələr təşkil edilsin:
    1.1. Bakı Apellyasiya Məhkəməsi - Bakı şəhərində;
    1.2. Gəncə Apellyasiya Məhkəməsi - Gəncə şəhərində;
    1.3. Sumqayıt Apellyasiya Məhkəməsi - Sumqayıt şəhərində;
    1.4. Əli Bayramlı Apellyasiya Məhkəməsi - Əli Bayramlı şəhərində;
    1.5. Şəki Apellyasiya Məhkəməsi - Şəki şəhərində;
    1.6. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi
    - Naxçıvan şəhərində;
    1.7. 2 saylı Bakı yerli iqtisad məhkəməsi - Bakı şəhərində;
    1.8. Sumqayıt yerli iqtisad məhkəməsi - Sumqayıt şəhərində;
    1.9. Şəki yerli iqtisad məhkəməsi - Şəki şəhərində.
    2. 1 saylı yerli iqtisad məhkəməsi 1 saylı Bakı yerli iqtisad məhkəməsi, 2 saylı yerli iqtisad məhkəməsi Gəncə yerli iqtisad məhkəməsi, 3 saylı yerli iqtisad məhkəməsi Əli Bayramlı yerli iqtisad məhkəməsi adlandırılsın.
    3. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:
    3.1. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin, yerli iqtisad məhkəmələrinin, müvafiq hərbi məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsinə dair təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    3.2. Azərbaycan Respublikasının yeni təşkil edilmiş məhkəmələrində hakimlərin sayının müəyyən edilməsi və digər məhkəmələrdə hakimlərin sayının artırılması barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    3.3. birinci instansiya məhkəmələrinin hakimlərinin fəaliyyətinin qiymətləndirilməsini 2006-cı ilin oktyabr ayına qədər yekunlaşdırsın;
    3.4. səlahiyyət müddəti bitmiş müvafiq məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrləri vəzifələrinə namizədlər barədə təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    3.5. hakimlərin peşə səviyyəsinin artırılması, hakim vəzifələrinə namizədlərin müasir tələblərə cavab verən hazırlığının təmin edilməsi üçün tədbirlər görsün;
    3.6. ədalət mühakiməsinin həyata keçirilməsinin yüksək mənəvi və mədəni meyarlarının müəyyən edilməsi məqsədilə Hakimlərin Etik Davranış Kodeksini hazırlasın və təsdiq etsin;
    3.7. hakimlərin fəaliyyətində sui-istifadə, korrupsiya halları və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması və müvafiq əsaslar olduğu halda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün ciddi tədbirlər görsün.
    4. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:
    4.1. məhkəmələrin fəaliyyətinin təşkilati məsələlərini təhlil etsinlər, məhkəmələrdə statistika və kargüzarlığın aparılması işini təkmilləşdirsinlər, müvafiq məhkəmələrdə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etsinlər, süründürməçilik hallarının və vətəndaşların qəbulunda olan nöqsanların aradan qaldırılması üçün tədbirlər görsünlər;
    4.2. ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi məqsədilə Ali Ədliyyə Məktəbinin yaradılması və fəaliyyətinə dair əsaslandırılmış təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
    5. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:
    5.1. Məhkəmə-Hüquq Şurası ilə birlikdə məhkəmə aparatlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi məsələsini təhlil etsinlər və müvafiq tədbirlər görsünlər;
    5.2. Məhkəmə-Hüquq Şurası ilə birlikdə məhkəmə fəaliyyətinin hüquqi və informasiya təminatının həyata keçirilməsini təkmilləşdirsinlər, məhkəmələrdə yeni informasiya texnologiyalarının tətbiqini təmin etsinlər.
    6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquqununöyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar.
    7. Azərbaycan Respublikasının Prokurorluğuna tövsiyə edilsin ki, yeni məhkəmələrin yaradılmasını nəzərə alaraq, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etsin.
    8. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, yeni məhkəmələrin yaradılmasını nəzərə alaraq, vəkillərin sayının artırılması məsələsinə baxsın və regionlarda əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin artırılması üçün tədbirlər görsün.
    9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
    9.1. Azərbaycan Respublikasının yeni təşkil edilmiş məhkəmələrini onların yüksək statusuna uyğun olan binalarla təmin etsin, məhkəmələrin fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlarla təmin edilməsi məqsədilə tədbirlər görsün;
    9.2. Azərbaycan Respublikasının yeni təşkil edilmiş məhkəmələrinin hakimləri təyin edilənədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin və beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini davam etdirsin;
    9.3. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    9.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    9.5. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
    10. Müəyyən edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
    11. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 19 yanvar 2006-cı il
    № 352


<<  Geri qayıt