Azərbaycan Respublikası Ali Məhkəməsi

Ulu öndərin 89-cu ildönümü Ali Məhkəmədə qeyd edilmişdir
  • 8 may 2012-ci ildə Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə  həsr olunmuş tədbir keçirilmişdir.

    Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev böyük şəxsiyyət  Heydər Əliyevin dahiliyinin  hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün  xalqımızın  taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırmışdır.
     
    1995-ci ilin noyabrında  ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və  ümumxalq referendumunda  qəbul olunmuşdur. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan  ən böyük addım idi.  Insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi. 

    Ümummilli liderimiz  insan və  vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu  artırmaq üçün  ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında  tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə  hüquq islahatlarının  keyfiyyətlə aparılmasına təkan vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini  qoymuş və onu inkişaf etdirmişdir.

    Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin  amallarının  xalqın  gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır. 

    Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev haqqında xatirələrini danışmış, onun irsinin daim yaşayacağını bildirmişlər.   


<<  Geri qayıt