Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyətinin Belarusa səfəri
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il sentyabrın 27-28-də “Ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti: müasir texnologiyalar və yanaşmalar” mövzusunda keçirilən ikinci Beynəlxalq Forumda  iştirak etmək üçün Belarus Respublikasının  paytaxtı  Minsk şəhərində səfərdə olmuşdur.  

        50-dən artıq ölkənin nümayəndəsinin təmsil olunduğu Beynəlxalq Forumda ədalət mühakiməsinin səmərəliliyinin artırılması və keyfiyyətlə həyata keçirilməsi üçün müasir yanaşma metodlarından və texnologiyalardan istifadə imkanları, elektron məhkəmələrin tətbiqi  məsələləri və bu sahədə mövcud olan problemlər müzakirə olunmuşdur.

        Səfər çərçivəsində Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev Belarus Ali Məhkəməsinin binasında Ali Məhkəmənin sədri Sukalo Valentin Oleqoviçlə görüşmüşdür.  Görüşdə iki ölkə arasındakı hüquqi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, Belarus Ali Məhkəməsi ilə Azərbaycan Ali Məhkəməsi arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.

        Ali Məhkəmənin sədri Ramiz Rzayev və İnzibati-İqtisadi Kollegiyanın sədri Hikmət Mirzəyev Belarus Respublikasının iqtisadi mübahisələri araşdıran dövlət orqanlarının 90 illik  və Müstəqil Dövlətlər Birliyinin Ali arbitraj, təsərrüfat, iqtisadi və digər iqtisadiyyat sahələrinin mübahisələri ilə bağlı işləri həll edən Sədrlər Şurası Məhkəmələrinin 10 illik yubileyləri tədbirlərində də qonaq qismində iştirak etmişlər. Tədbirlərdə Azərbaycan Ali Məhkəməsi sədrinin həmin yubileylər münasibətilə Belarus Ali Təsərrüfat Məhkəməsinin sədri Viktor Kamenkova ünvanlanan  təbrikləri səsləndirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanla  Belarus arasındakı əməkdaşlıq daim dostluğa, qarşılıqlı etimada, etibara əsaslanıb və bu gündə bu əməkdaşlıq əlaqələri genişləndirilir və inkişaf etdirilir.

         Minskdə Azərbaycan Respublikası Ali Məhkəməsi və Belarus Respublikası  Ali Təsərrüfat Məhkəməsi arasında əməkdaşlıq  haqqında RAZILAŞMA imzalanmışdır.  Razılaşmada hər iki ölkənin Ali Məhkəmələri arasında əməkdaşlığın prinsipləri və istiqamətləri müəyyənləşdirilmiş, bu əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində davam etdirilməsi nəzərdə tutulmuşdur. Razılaşmanı Belarus Respublikası  Ali Təsərrüfat Məhkəməsinin sədri  Viktor Kamenkov və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  Ramiz Rzayev imzalamışlar.


<<  Geri qayıt