Azərbaycan Respublikası Ali Məhkəməsi

Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədrinin Azərbaycana işgüzar səfəri
  • Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Gruevin başçılıq etdiyi nümayəndə heyəti 2012-ci il noyabrın 11-ində axşam Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlmişdir.

    Noyabrın 12-sində səhər Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, ümummilli  liderin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzdülər.

    Bolqarıstanlı qonaqlar Şəhidlər xiyabanınıda oldular. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü. Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

    Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar. Ali Kassasiya  Məhkəməsinin sədri muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.

    Həmin gün  Azərbaycan Respublikası Ali Məhkəməsində Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Gruevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

    Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Gruevin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, Azərbaycan və bolqar xalqları arasında  vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir.  Bolqarıstan və Azərbaycan Prezidentlərinin qarşılıqlı səfərlərinin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, mədəni sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır.  Ali Məhkəmənin sədri Azərbaycanla dost Bolqarıstanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini  vurğulamışdır.

    Ali Məhkəmənin sədri respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və  fəaliyyətində  öz əksini tapması barədə qonaqlara məlumat vermişdir.  Ali Məhkəmənin sədri Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin  məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini  ifadə etmişdir.

    Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi sədri Lazar Gruev Bolqarıstanda Ali Kassasiya Məhkəməsinin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

    Görüşdə hüquqi dövlət qurulucuğu sahəsində  aparılan islahatlar və məhkəmə hüquq təcrübəsi ilə bağlı  geniş fikir mübadiləsi aparılmışdır.

    Azərbaycan Respublikası Ali Məhkəməsi və Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsi arasında Əməkdaşlıq haqqında  Protokol imzalanmışdır.

    Bolqarıstan Respublikası Ali Kassasiya Məhkəməsinin sədri Lazar Gruevin başçılıq etdiyi nümayəndə heyətinin  Azərbaycana səfəri davam edir.


<<  Geri qayıt